“Hacı Qara”nın yeni quruluşunda əsas obraza fərqli yanaşılıb. Daha çox müsbət qəhrəman obrazında görünən Hacı Qaranın qənaətcil, cəsarətli xüsusiyyəti ön planda təqdim olunur. Həmçinin bu obrazı ehtiyac sahiblərinə yardım edən, el-obanın ağsaqqalı kimi görə bilirik.
Bunu AZƏRTAC-a açıqlamasında tamaşada Hacı Qara obrazını canlandıran Əməkdar artist Elnur Bəhramxan deyib.
Əməkdar artist qeyd edib ki, tamaşada sevgi, məhəbbət, dostluq, sədaqət, ailə dəyərləri və vətənpərvərlik kimi mühüm mövzular öz əksini tapıb. “Səhnə əsərinin hazırlıq prosesi aylarla davam etdi. Quruluşçu rejissor Xalq artisti Cənnət Səlimova çalışırdı ki, səhnə əsəri əvvəlki quruluşlardan fərqlənsin və tamaşaçıya tamamilə yeni yozum təqdim olunsun. Hər tamaşaçı bu mövzulardan özünə daha yaxın olanı seçəcək və əsərdə özünə doğma məqamlar tapacaq.
Tamaşamız rəngarəng, dinamik və komik çalarlarla zəngindir. XIX əsr Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi Mirzə Fətəli Axundzadənin bütün əsərlərində qaldırılan ictimai və mənəvi problemlər bu gün də aktuallığını qoruyub saxlayır”, - deyə E.Bəhramxan əlavə edib.