Azərbaycan mövzusu bütün yaradıcılığımda, yaratdığım hər bir əsərdə öz əksini tapır. Ürəkdən ümid edirəm ki, bu əsərlər ölkəmizin işğaldan azad olunmuş ərazilərində təşkil olunan konsert proqramlarında və festivalların repertuarlarında yer alacaq.
Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində azərbaycanlı bəstəkar, Ankaranın Hacettepe Universiteti Dövlət Konservatoriyasının professoru Xatirə Əhmədli Cəfər ifadə edib.
Türkiyənin hüdudlarından kənarda da musiqisevərlərə tanış olan “Xocalı” simfonik poemasının müəllifi 1992-ci il fevral hadisələrinin necə ağrılı olduğunu xatırlayır: “Xocalı” simfonik poeması ilə dinləyicilərə Azərbaycan xalqının ağrı-acısını çatdırmağa çalışmışam. Məsələn, bu əsər Bolqarıstanda ifa edilənə qədər musiqisevərlərin 1992-ci ilin fevralında baş vermiş qanlı cinayətlər haqqında təsəvvürü yox idi. Konsertdən sonra onlar Azərbaycanla daha çox maraqlanmağa başladılar və Qarabağa, bütövlükdə ölkəmizə həsr olunmuş başqa əsərləri də konsertlərin repertuarına daxil etməyə hazır olduqlarını bildirdilər”.
Bəstəkar vurğulayıb ki, hətta ən ağır işğal və təcavüz illərində belə, böhranlara və çətinliklərə baxmayaraq, Azərbaycanın zəngin musiqi məktəbinin dünya incəsənətində yeni böyük adlar yaradacağına şübhə etmirdi. "Əminəm ki, məşhur Şuşa Musiqi Məktəbi də dirçələcək. Azərbaycan bəstəkarlıq məktəbinin irsi gələcəyə inamla baxmağa imkan verən möhkəm təməldir” - deyə Türkiyə Bəstəkarlar Birliyinin üzvü qeyd edib.
Xatirə xanım SSRİ Xalq artisti və Azərbaycan SSR Dövlət Mükafatı laureatı Arif Məlikovun gənc istedadlara xüsusi diqqət yetirməsi ilə bağlı xoş xatirələrini də bölüşüb: “O, hər bir bəstənin Azərbaycan ruhu ilə hiss olunmasını tələb edirdi. İyirmi yaşımdan əvvəl yazdığım əsərləri ilk dəfə eşitdikdən sonra məşhur bəstəkar mənə aşıq sənəti ovqatında əsər yazmaq üçün bir həftə vaxt verdi. Arif Məlikov mənə saatlarla variasiyalar öyrədir, bəstəkarlıq sənəti yolunda istiqamət verirdi”.
Professor qeyd edir ki, 1980-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul imtahanından keçdikdən sonra şansını P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında və Qnesinlər adına Rusiya Musiqi Akademiyasında sınamaq qərarına gəlib.
“Atam, jurnalist Firuz Əhmədli Moskvada təhsil almaq ideyasını bəyəndi və mənə dəstək oldu. Bəstəkarlıq şöbəsinə daxil olanda, məndən rus xalq mahnısı olan "Ax, v pole lipenka”nın variasiyalarını yazmağımı istədilər. Proses çətin deyildi, çünki müəllimim Arif Məlikov özü idi. Variasiyaların üslubu “azərbaycanca” oldu və bu, komitənin 14 üzvünü məmnun etdi” Moskvada oxuduğum illər təcrübəmi zənginləşdirdi”, - deyə o xatırlayır.
X.Ə. Cəfər qeyd edib ki, Azərbaycana qayıtdıqdan sonra qardaş Türkiyəyə köçməzdən əvvəl Quba, Sumqayıt və Bakıda, o cümlədən Bülbül adına məktəbdə musiqi dərsləri deyib.
İlk üç ili (1994-1997-ci illər) ərzində Azərbaycan bəstəkarı Ankaradakı Bilkent Universitetində çalışıb, daha sonra Hacettepe Universitetində fəaliyyətə başlayıb. İllər ərzində onun əsərləri Türkiyədə və dünyanın müxtəlif ölkələrində onlarla konsert salonunda ifa olunub.
İbtidai musiqi təhsili sisteminin əhəmiyyəti ilə bağlı suala cavabında professor qeyd edib ki, Türkiyədə oxşar məktəblər yoxdur. “Bəzi təşəbbüslər var. Məsələn, Bilkent Universiteti 4-6 yaşlı uşaqlar üçün ikiillik musiqi kursu açıb, sonra uşaqlar ibtidai məktəbə gediblər. Mən bu prosesdə koordinator qismində iştirak etmişəm”, - deyən Xatirə Əhmədli Cəfər qeyd edib ki, Türkiyədə uşaqlar çox vaxt 12 və ya 13 yaşında musiqi öyrənməyə başlayırlar ki, bu da insanın yaradıcı potensialının inkişafı üçün çox gecdir.
Azərbaycanlı bəstəkarın hazırlaşdırdığı bir çox gənc türk musiqiçisi müsabiqələrdə yüksək nəticələr əldə edib və xaricdə təhsil alır. “Tələbələrim arasında azərbaycanlılar da var. Vətənə qayıtdıqdan sonra milli musiqinin inkişafına dəyərli töhfə verəcəkləri ümidi ilə onlara bildiyim hər şeyi öyrətməyə çalışıram”, - deyə o qeyd edib.
Xatirə Əhmədli Cəfər musiqiçi, skripkaçı, dirijor, Azərbaycan SSR Xalq artisti və professor Sərvər Qəniyev haqqında, həmçinin digər çoxsaylı nəşr və kitabın müəllifidir.