Şahin Növrəsli: Gənc istedadların dəstəklənməsi “Shahin Novrasli Festival”ın prioritetlərindəndir

Gənc istedadların dəstəklənməsi və onların yaradıcılıq potensialının inkişafı üçün şəraitin yaradılması “Shahin Novrasli Festival”ın əsas fəaliyyət istiqamətlərindən biridir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın Əməkdar artisti, tanınmış caz pianoçusu, “Shahin Novrasli Festival”ın təsisçisi və direktoru Şahin Növrəsli deyib.

Onun sözlərinə görə, uşaqların yaradıcılıq layihələrində iştirakı onlar üçün gələcək inkişaflarına təkan verən və istedadlarını üzə çıxarmağa kömək edən mühüm hadisəyə çevrilir.

“İstənilən çıxış, festival, konsert və ya müsabiqə uşaq üçün əsl hadisədir. Bu, ona stimul verir, ilhamlandırır, yaratmağa, bəstələməyə və inkişafa sövq edir. Məhz buna görə də “We Are The Future” layihəsi festivalımızın əsas istiqamətlərindən biridir”, – deyə həmsöhbətimiz vurğulayıb.

Ş.Növrasli bildirib ki, “We Are The Future” layihəsinin həyata keçirilməsində əsas yük festivalın bədii rəhbəri, Azərbaycanın Əməkdar artisti Natəvan Növrəslinin üzərinə düşür. O, müəllimlər və valideynlərlə birlikdə iştirakçıların repertuarını diqqətlə seçir və gənc ifaçıların hazırlıq prosesini yaxından müşayiət edir.

Ş.Növrasli, həmçinin qeyd edib ki, “We Are The Future” və “Mirsamad Novrasli and Friends” layihələri çərçivəsində onun yeni bəstəsinin premyerası olacaq. Layla motivləri əsasında yazılmış “Laylay” adlı kompozisiya festivalın iki uşaq konsertində klassik və caz versiyalarında səslənəcək. Əsərin klassik versiyası dirijor Valid Ağayevin rəhbərliyi və kamera orkestrinin müşayiəti ilə festivalın Moskva şəhərindən olan qonağı Mixail Alxazov tərəfindən, caz versiyası isə bəstəkarın oğlu Mirsəməd Növrəsli tərəfindən ifa ediləcək.