Dosent: “Xurşidbanu Natəvan. Quşlarla söhbət” Altay Hacıyevin Natəvan mövzusunda yaratdığı ən poetik və simvolik kompozisiyalardandır

Xurşidbanu Natəvana həsr olunan yazılar silsiləsini davam etdirir

Bakı, 7 iyul, AZƏRTAC

“Xurşidbanu Natəvan. Quşlarla söhbət” əsəri Xalq rəssamı Altay Hacıyevin Natəvan mövzusunda yaratdığı ən poetik və simvolik kompozisiyalardan biridir. Əsərdə ilk baxışdan konkret portret həlli görünmür. Natəvan fiquru təbiət mühitinin içərisində əriməyə başlayır və bütöv kompozisiya canlı poetik atmosferə çevrilir.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov söyləyib.

Dosent qeyd edib ki, “Xurşidbanu Natəvan. Quşlarla söhbət”in maraqlı xüsusiyyətlərindən biri konkret məkan və zaman hissinin zəiflədilməsidir. “Burada hadisə baş vermir, daha çox ruh halı təsvir olunur. Tamaşaçı sanki Natəvanın daxili dünyasına daxil olur. Quşlar onun düşüncələrinin, hisslərinin və xəyallarının bədii təcəssümü kimi görünür”, - deyə o əlavə edib.

Əsərin əsas bədii yükünü quş obrazlarının daşıdığını diqqətə çatdıran A.Xəlilov deyib: “Azərbaycan və ümumiyyətlə Şərq mədəniyyətində quş motivi ruhun azadlığı, mənəvi yüksəliş, ilahi hikmət və ilham rəmzi hesab olunur. Natəvanın poeziyasında da təbiətə, quşlara, çiçəklərə və bağlara xüsusi münasibət müşahidə edilir. Rəssam məhz bu xüsusiyyəti təsviri vasitələrlə ifadə edib. Kompozisiyada yaşıl rəng müxtəlif çalarlarda istifadə olunub. Yaşıl burada sadəcə təbiət rəngi deyil. O, həyatın davamlılığını, mənəvi saflığı və Qarabağ təbiətinin bolluğunu ifadə edir. Quşların sərbəst hərəkəti isə Natəvanın poetik dünyasının sərhədsizliyinə işarədir”.