Fərhad Xəlilov: Sərgi zalları rəssamlar üçün doğma və dəyərlidir

Muzey Mərkəzində yenilənmiş sərgi zallarının istifadəyə verilməsi ölkənin mədəni həyatında əlamətdar hadisədir.

Bunu Xalq rəssamı Fərhad Xəlilov AZƏRTAC-a açıqlamasında bildirib.

O deyib ki, bu məkan Azərbaycan rəssamlarının yaradıcılıq salnaməsində xüsusi yer tutur: “Vaxtilə ölkənin tanınmış rəssamlarının sərgiləri məhz burada təşkil olunub, gənc rəssamlar isə ustalarla birlikdə bu sərgilərdə iştirak edərək sənət yoluna ilk addımlarını atıblar. Bu baxımdan, sərgi zalları rəssamlar üçün doğma və dəyərli mədəniyyət ocağıdır”.

Xalq rəssamı sərgi zallarının əsaslı şəkildə yenidən qurulmasını və bu istiqamətdə həyata keçirilən işləri yüksək qiymətləndirərək, Mədəniyyət Nazirliyinə və bp şirkətinə təşəkkürünü bildirib. O əlavə edib ki, yenilənmiş ekspozisiya məkanında nümayiş etdirilən əsərlər yüksək bədii səviyyəsi ilə seçilir və burada təqdim olunan hər bir rəssamın yaradıcılığı Azərbaycan təsviri sənətinin zənginliyini əks etdirir.