Nicat Dadaşov: Ssenaristlərin peşəkar inkişafına xidmət edən yeni layihələr həyata keçiriləcək

Bu yaxınlarda Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə yaradılan Azərbaycan Ssenaristlər Gildiyasının fəaliyyət planı kifayət qədər genişdir. Ssenaristin peşəkar fəaliyyətinin demək olar ki, bütün əsas istiqamətlərini əhatə edir. Məqsədimiz təkcə müxtəlif tədbirlər keçirmək deyil, ölkədə ssenari sənayesinin davamlı inkişafına xidmət edəcək mexanizmlər formalaşdırmaqdır.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Ssenaristlər Gildiyasının sədri Nicat Dadaşov deyib.

O bildirib ki, yaxın dövrdə ssenari laboratoriyalarının, mentorluq proqramlarının, eləcə də ssenaristlərin 1–3 ay müddətində yalnız yaradıcılıq fəaliyyəti ilə məşğul ola biləcəyi rezidensiya layihələrinin təşkili nəzərdə tutulur. Bununla yanaşı, ssenaristlərin layihələrini prodüserlərə və investorlara təqdim edə biləcəyi onlayn pitçinq platformasının yaradılması, illik ssenari müsabiqəsinin keçirilməsi və müxtəlif nominasiyalar üzrə ssenari mükafatının təsis edilməsi də planlar sırasındadır.

"Fəaliyyətimizin digər mühüm istiqamətlərindən biri peşəkar mühitin formalaşdırılmasıdır. Bu məqsədlə müəllif hüquqları və müqavilələrlə bağlı tövsiyələrin hazırlanması, qonorar standartları üzrə təkliflərin işlənməsi, hüquqi və peşəkar məsləhət mexanizmlərinin yaradılması planlaşdırılır", - deyə N.Dadaşov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan dilində metodik ssenari ədəbiyyatının hazırlanması, yerli müəlliflərin layihələrini özündə birləşdirəcək Ssenari Bankının yaradılması, beynəlxalq ssenarist birlikləri ilə əməkdaşlığın genişləndirilməsi və hər il ölkədə ssenari sənayesinin vəziyyətini müzakirə edəcək Ssenari Forumunun keçirilməsi də əsas hədəflərdəndir.