Gülçöhrə Sarısu Sanqu: Türkiyədə Azərbaycan mədəniyyətinə və rəqsinə maraq yüksəkdir

Əsas məqsədimiz rəqs sənəti də daxil olmaqla, Azərbaycanın zəngin mədəniyyətini qorumaq, təbliğ etmək və gələcək nəsillərə ötürməkdir. Bu dəyərlər xalqımızın adət-ənənələrini və kimliyini əks etdirən ən dəyərli sərvətimizdir.

Bu fikirləri Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” rəqs qrupunun bədii rəhbəri Gülçöhrə Sarısu Sanqu AZƏRTAC-a verdiyi müsahibədə səsləndirib.

Onun sözlərinə görə, uşaqların və gənclərin Türkiyə və Azərbaycan mədəniyyətlərinin köklərini bilmələri, onları həqiqətən sevmələri çox vacibdir.

“Keçmişimiz yük deyil, bir mirasdır”, - deyə Türkiyədə keçirilən çoxsaylı mədəni tədbirlərdə Azərbaycanın “vizit kartları”ndan biri hesab olunan qrupun bədii rəhbəri vurğulayıb.

O bildirib ki, bu gün “Zəngəzur” qrupunun üzvlərinin böyük əksəriyyəti Türkiyə vətəndaşlarıdır. “Yaşından asılı olmayaraq, müraciət edən hər kəsi öyrətməyə çalışırıq. Türkiyədə Azərbaycan mədəniyyətinə və rəqsinə maraq yüksəkdir. Mənim üçün Anadolu sakinləri arasında Azərbaycan xalq rəqslərinin mədəniyyətini və ənənələrini təbliğ etmək vacibdir”.

Sanqu deyib ki, o, Qarsda, azərbaycanlı ailəsində anadan olub. “Ailəmizin kökləri Gəncəyə gedib çıxır. 1943-44-cü illərdə, 10 yaşında olarkən atam valideynləri ilə birlikdə İrəvandan İğdıra gəlib. Atam ömrü boyu Vətəninə həsrət qalıb, orada onun iki bacısı qalıb. O, böyük sənətkar Zeynəb Xanlarovanın və başqalarının səs yazılarını göz yaşları içində dinləyir, məni də çağırıb rəqs etməyə başlayırdı. Azərbaycana və xalq rəqsləri mədəniyyətinə maraq yarananda mənim cəmi səkkiz yaşım var idi”, - deyə həmyerlimiz xatırlayır.

Sanqu hesab edir ki, Türkiyədə uzun müddət Azərbaycan rəqs ənənələri haqqında dəqiq təsəvvür olmayıb. “Sərhədlərin açılması ilə hər şey dəyişdi. Bəxtim gətirdi ki, Azərbaycan rəqsinin dahiləri Əminə Dilbazi və Əlibaba Abdullayevin tələbəsi Mərziyə Məmmədova Ankaraya köçdü və səkkiz il ərzində mənə rəqsin incəliklərini öyrətdi. Mən həmişə milli kimlik hissi ilə yaşamışam. İnsan üçün ən vacib şey uğurun təməlini təşkil edən kökləri ilə bağlılığı qorumaqdır”.

Sonradan o, dəfələrlə Azərbaycana səfər edib və orada, o cümlədən Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri ilə rəqs bacarıqlarını təkmilləşdirib. “Azərbaycan rəqs mədəniyyəti xalqın çoxəsrlik tarixini, temperamentini və həyat tərzini əks etdirir. Rəqs ənənələri o qədər geniş və zəngindir ki, hətta onilliklər ərzində təlim və təcrübə topladıqdan sonra belə, özümü yenə də Azərbaycan rəqs müəllimi adlandırmaq istəmirəm. Özüm daim nəyisə öyrənirəm”, - deyə bədii rəhbər diqqətə çatdırıb.

O, Türkiyədə təhsil alan Azərbaycandan olan tələbələrin də “Zəngəzur” kollektivində fəal iştirak edəcəyinə ümid etdiyini bildirib: “Harada olursa-olsun, hər bir azərbaycanlı millətin maraqlarının müdafiəçisi kimi çıxış etməli və ölkəsinin adət-ənənələrini, incəsənətini və mədəniyyətini layiqincə təmsil etməlidir. Əgər özümüz mədəniyyətimizi qorumasaq, sonda milli özünüdərki itirəcəyik, başqaları isə bu dəyərləri özününkiləşdirməyə başlayacaqlar. Mədəniyyətin qorunması hər kəsin ortaq məsuliyyətidir. Lakin unutmamalıyıq ki, doğma mədəniyyətimizi başqalarına düzgün izah etmək üçün ilk növbədə onu özümüz tam başa düşməliyik”.

Sanqu Ankaradakı Azərbaycan səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin missiyasını yüksək qiymətləndirib. “Nisbətən qısa müddət ərzində mərkəz təsirli nəticələr əldə edib. Çoxsaylı mədəni və bədii proqramlar uğurla həyata keçirilib. Fikrimcə, mərkəzin yaradılması Türkiyədə Azərbaycan mədəniyyətinin təbliğinə əhəmiyyətli dərəcədə təkan verib”, - deyə o bildirib.