“Shahin Novrasli Festival-2026” çərçivəsində Şahin Növrəslinin konserti olub

“Shahin Novrasli Festival-2026” çərçivəsində Azərbaycanın Əməkdar artisti, tanınmış caz pianoçusu, festivalın direktoru və təşkilatçısı Şahin Növrəslinin konserti keçirilib. Axşamın xüsusi qonağı Azərbaycanın Əməkdar artisti, tanınmış cazmen və saksafon ifaçısı Rain Sultanov olub.

Konsertdə Ziya Hüseynzadə (bas gitara), Elşad Əbdürəhimov (nağara) və braziliyalı musiqiçi Ayzek Camba (zərb alətləri) da çıxış ediblər.

AZƏRTAC-ın müxbiri ilə söhbətində Şahin Növrəsli bildirib ki, festivalın həm təşkilatçısı olmaq, həm də onun çərçivəsində səhnəyə çıxmaq böyük məsuliyyət tələb edir.

“Bu işin hər iki tərəfi çətindir: həm ifa etmək, həm də təşkilatçı olmaq. Üstəlik, hər ikisini bir arada həyata keçirmək. Lakin bunun öhdəsindən gəlirik. Festivalı şəhərimizin sakinləri və qonaqları üçün təşkil edirik. İnsanlar artıq beşinci ildir ki, bu festivalı səbirsizliklə gözləyirlər. “Shahin Novrasli Festival” çoxjanrlı olması ilə seçilir. Buna görə də müxtəlif musiqi üslublarını sevən dinləyicilər burada öz zövqlərinə uyğun proqram tapa bilirlər”, – deyə caz musiqiçisi vurğulayıb.

Xatırladaq ki, “Shahin Novrasli Festival-2026” iyulun 2–12-də Bakıda keçirilir. On gün ərzində 10 ölkədən olan musiqiçilərin ifasında müxtəlif musiqi janrlarını əhatə edən zəngin konsert proqramı təqdim olunur.

Festival çərçivəsində, həmçinin yarmarka, gündəlik DJ-setlər və cem-sessiyalar təşkil edilib.