Aynur İbrahimova: Kəlağayı xalqımızın yaddaşını yaşadan milli-mənəvi irs nümunəsidir

Kəlağayı Azərbaycan xalqının milli rəmzlərindən biridir və UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi onun beynəlxalq səviyyədə qorunmasına mühüm töhfə verib.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun dosenti, “Qeyri-Maddi Mədəni İrsin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Aynur İbrahimova deyib.

Onun sözlərinə görə, kəlağayı geyim elementi olmaqla yanaşı, həm də xalqın minilliklər boyu formalaşmış yaddaşını və mənəvi dəyərlərini özündə yaşadan mədəni irs nümunəsidir. Kəlağayının üzərindəki naxışların hər biri müəyyən məna daşıyır və xalqın dünyagörüşünü, inanclarını əks etdirir.

A.İbrahimova kəlağayının müasir dəbdə və gündəlik geyimdə daha geniş tətbiqinin zəruriliyini qeyd edib. Bildirilib ki, dizaynda ənənəvi buta ilə yanaşı, saçbağı, "əli belində", göz, su yolu, xalça və kilim ornamentlərindən istifadə kəlağayını gənclər və daha geniş auditoriya üçün cəlbedici edə bilər. Yaradıcı sənayenin inkişafı kontekstində fərqli ölçülərdə və müasir elementlərlə hazırlanan gündəlik modellər bu milli irsin populyarlaşmasına xidmət edəcək.

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi və “Kəlağayı ev muzeyi”nin bu istiqamətdəki çoxillik fəaliyyətini xatırladan məruzəçi, milli irsimizin qorunmasında dövlət dəstəyini xüsusi vurğulayıb.