Kamança əsrlərdir Azərbaycanın musiqi yaddaşını yaşadan, muğamın ruhunu öz ecazkar sədasında əks etdirən ən qiymətli milli musiqi alətlərindən biridir. Bu alətin valehedici səsi bu gün də gənc ifaçıların məharətli təqdimatında dünya səhnələrində səslənərək Azərbaycan musiqisini beynəlxalq arenada layiqincə təmsil edir. Bu ənənəni uğurla davam etdirən gənc musiqiçilərdən biri də respublika və beynəlxalq müsabiqələr laureatı, kamança ifaçısı Nurəddin Tağıyevdir. O, qazandığı uğurlar və peşəkar ifaçılığı ilə milli musiqimizin dünyada tanıdılmasına mühüm töhfə verir.
Azərbaycan Milli Konservatoriyasının IV kurs tələbəsi Nurəddin Tağıyev Özbəkistanın Namanqan şəhərində UNESCO, ICESCO, TÜRKSOY və Özbəkistan Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Maqom Sənəti Forumunda solo ifaçılıq nominasiyası üzrə I yerə layiq görülüb. Gənc ifaçı 15 ölkədən qatılan 27 iştirakçı arasında ən yüksək nəticəni göstərərək Azərbaycan musiqisinin növbəti beynəlxalq uğuruna imza atıb.
AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olan Nurəddin Tağıyev sənət yolundan, qazandığı nailiyyətlərdən və müəllimi İmamyar Həsənovun həyatında oynadığı mühüm roldan danışıb.
Gənc musiqiçi bildirib ki, ailəsində peşəkar musiqiçi olmasa da, valideynlərinin dəstəyi onun musiqi yolunu seçməsində həlledici rol oynayıb. Uşaqlıq illərində tara maraq göstərsə də, sonradan seçimini kamançadan yana edib. Onun sözlərinə görə, internet vasitəsilə ABŞ-da yaşayan azərbaycanlı kamança ustası İmamyar Həsənovun ifalarını izləməsi bu alətə olan marağını daha da gücləndirib. Məhz həmin ifalar onda kamançaya dərin sevgi oyadıb və bu aləti peşəkar səviyyədə öyrənmək qərarını möhkəmləndirib.
Nurəddin Tağıyev qeyd edib ki, artıq bir neçə ildir İmamyar Həsənov ona distant formada ustad dərsləri keçir. Bu müddət ərzində müəllimi təkcə peşəkar bilik və təcrübəsini deyil, mənəvi dəstəyini də əsirgəməyib. Gənc ifaçı beynəlxalq uğurlarında ustadının əməyinin xüsusi payı olduğunu vurğulayıb.
O bildirib ki, ilk musiqi təhsilini Gəncə Uşaq İncəsənət Məktəbində alıb, daha sonra Gəncə Musiqi Kollecində təhsilini davam etdirib və hazırda Azərbaycan Milli Konservatoriyasının tələbəsidir. Nurəddin Tağıyev ilk müəllimi Xanlar Əsədovun onun sənətkar kimi formalaşmasında mühüm rol oynadığını da xüsusi qeyd edib.
UNESCO-nun dəstəyi ilə Özbəkistanda keçirilən forumdan danışan ifaçı bildirib ki, tədbirdə 80-dən çox ölkədən nümayəndələr iştirak ediblər. Forum çərçivəsində müsabiqələrlə yanaşı, simpoziumlar, ustad dərsləri və elmi tədbirlər də təşkil olunub.
Onun sözlərinə görə, müsabiqədə dünyanın müxtəlif ölkələrindən yüksək peşəkarlığa malik ifaçılar çıxış etsələr də, Azərbaycan muğamının zənginliyi, dərin fəlsəfəsi və emosional təsir gücü xüsusi diqqət çəkib. Digər iştirakçılardan fərqli olaraq o, çıxışını heç bir ansambl müşayiəti olmadan solo şəkildə təqdim edib ki, bu da münsiflər və dinləyicilər tərəfindən yüksək qiymətləndirilib.
"Qazandığım uğurların arxasında xüsusi ifaçılıq yanaşması və sistemli hazırlıq dayanır. Artıq 10 ildir ki, ustadım İmamyar Həsənovun müəllifi olduğu "KamanYar" metodunu öyrənirəm. Bu metodun əsas məqsədi Azərbaycan milli və klassik musiqisini müasir ifaçılıq imkanları ilə dünya səhnəsində daha geniş tanıtmaqdır. Həm Özbəkistanda qazandığım beynəlxalq qələbəni, həm də 2025-ci ildə Azərbaycanda keçirilən VII Beynəlxalq "Muğam Aləmi" Festivalındakı uğurumu məhz beşsimli kamança ilə əldə etmişəm. Azərbaycanda ənənəvi kamança dörd simdən ibarət olsa da, istifadə etdiyim bu alət mənim üçün xüsusi mənəvi dəyər daşıyır. Çünki onu 2020-ci ildə keçirilən "AlerFest" beynəlxalq müsabiqəsində Qran-pri mükafatı olaraq qazanmışam", – deyə Nurəddin Tağıyev bildirib.
Nurəddin Tağıyev bildirib ki, Azərbaycanda dövlət tərəfindən milli musiqi sənətinin inkişafına göstərilən ardıcıl diqqət və qayğı, gənc ifaçıların beynəlxalq müsabiqələrdə ölkəni uğurla təmsil etməsi üçün geniş imkanlar yaradır.
"Bəzən belə hesab olunur ki, gənclər daha çox müasir musiqi janrlarına üstünlük verirlər. Lakin bu gün, Azərbaycan gəncləri, həmçinin muğama, tara, kamançaya da böyük maraq və sevgi göstərirlər. Milli musiqi sənətinin inkişafına dövlət tərəfindən göstərilən ardıcıl diqqət və qayğı da gənc ifaçıların yetişməsinə, onların beynəlxalq müsabiqələrdə ölkəmizi uğurla təmsil etməsinə mühüm töhfə verir. Beynəlxalq arenada qazandığımız uğurlar bir daha sübut edir ki, milli musiqimiz və mədəni kimliyimiz Azərbaycanı dünyada tanıdan ən mühüm dəyərlərdəndir. Əcdadlarımızdan miras qalan bu zəngin musiqi irsini qorumaq, yaşatmaq və gələcək nəsillərə layiqincə ötürmək hər birimizin mənəvi borcudur", – deyə Nurəddin Tağıyev qeyd edib.