Geri qayıtmasam, qələmimi Yusifə verərsiniz... - MÜSAHİBƏ

Aygün Bağırlı Səməd Vurğunun həyat və yaradıcılığının az tanınan səhifələrinə işıq salır

Bakı, 16 iyul, AZƏRTAC

AZƏRTAC AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı ilə Xalq şairi Səməd Vurğunun həyatı və yaradıcılığına həsr olunmuş müsahibəni davam etdirir.

Müsahibənin davamında həmsöhbətimiz Səməd Vurğunun bir çox əsərlərinin nə üçün bu gün yeni baxış prizmasından dəyərləndirilməsinin vacibliyindən danışır, “Vaqif” dramının Stalin repressiyaları dövründə hansı tarixi və ictimai-siyasi şəraitdə qələmə alındığını izah edir, həmçinin şairin şəxsi arxivi və epistolyar irsinin onun həyat və yaradıcılığına dair bu günədək məlum olmayan səhifələrin üzə çıxarılmasında oynadığı roldan danışır.

– Sözügedən sənətkarın yaradıcılığı ilə bağlı bəzi tənqidi yanaşmalara münasibətiniz necədir?

– Səməd Vurğunun yaradıcılığına münasibətdə müxtəlif tənqidi fikirlər səsləndirilir. Tədqiqatçı üçün bu yanaşmalar da maraqlıdır. Əsas məsələ həmin tənqidlərin nə dərəcədə əsaslı olduğunu araşdırmaqdır.

Məsələn, müəllifin “26-lar” poemasında siyasi xadimlərdən birinin obrazı ilə bağlı məqam tez-tez tənqid hədəfinə çevrilir. Əsərdə keçirilən iclas səhnəsində həmin xadimin ölkənin hürriyyətini, azadlığını xarici dəstəkdə görməsi və müttəfiq qardaş ölkəni köməyə çağırmaqla ədaləti bərqərar edəcəyi barədə fikirləri səsləndirilir. Əslində, totalitar rejimin hökm sürdüyü həmin dövrdə bu cür fikirləri bədii əsərə gətirmək belə sənətkardan böyük cəsarət tələb edirdi.

Diqqət yetirsək, mətndə bu çıxışın ardınca auditoriyadan fərqli reaksiyalar eşidilir: çıxış edəni tənqid edənlərlə yanaşı, gizlicə “afərin” deyənlər də olur. Mənə elə gəlir ki, şair mətndə bircə bu “afərin” sözünü işlədə bilmək üçün onun qarşısında bir neçə tənqidi ifadə yazmağa məcbur idi. Çünki həmin dövrdə qələm adamlarının azadlığı son dərəcə məhdud idi və onlar fikirlərini birbaşa deyil, yalnız müəyyən eyhamlar və bədii vasitələrlə çatdırmağa çalışırdılar.

Eyni yanaşmanı “Vaqif” dramındakı Qacar obrazına da tətbiq etmək mümkündür. Səməd Vurğun 1937–1939-cu illərdə əsərdəki zülmkar obrazın adını Stalin qoya bilməzdi. Buna görə də öz dövrünün qəddarlığını, təzyiqini və faciələrini Qacar obrazı vasitəsilə ifadə etmişdi.

Bu gün tarixi hadisələrə fərqli prizmadan baxa bilərik. Lakin əsər yazıldığı dövrün siyasi reallıqlarını da nəzərə almalıyıq. Səməd Vurğun öz fikirlərini ifadə etmək üçün mümkün olan bədii yollardan istifadə edirdi.

– Səməd Vurğunun “Vaqif” dramının yaranma tarixi və onun qələmə alındığı dövrün ictimai-siyasi şəraiti barədə nə deyə bilərsiniz?

– Hüseyn Cavid repressiyaya məruz qaldıqdan, Cəfər Cabbarlı isə gənc yaşında vəfat etdikdən sonra Azərbaycan teatrında müəyyən boşluq yaranmışdı. Səməd Vurğun öz dram əsərləri ilə bu boşluğu doldurmağa çalışdı və müəyyən mənada buna nail oldu.

Onun ilk böyük dram əsərlərindən biri “Vaqif”dir. Məlumdur ki, şair bu əsəri çox qısa müddətdə, üç ay ərzində qələmə alıb. Lakin bu, bir neçə ay ərzində düşünülmüş əsər deyildi. Səməd Vurğun uzun illər həmin mövzu üzərində çalışmış, Qarabağın tarixi ilə maraqlanmış, tarixi mənbələr və dramaturgiya nəzəriyyəsinə dair kitablar oxumuşdu.

Şairin qardaşına yazdığı məktublardan görünür ki, o, Qarabağın tarixi haqqında geniş məlumatlar əldə etmək üçün çox mənbələrə baş vurmuş, hətta bununla bağlı Heydər Hüseynova məktublar ünvanlayırdı. Tarixi mühiti və dövrün ictimai-siyasi şəraitini dərindən öyrəndikdən sonra əsəri qısa müddətdə yazmağa müvəffəq olmuşdu.

“Vaqif” yazıldığı zaman repressiyaların ən ağır dövrü idi. Şair dəfələrlə sorğu-suala çağırılırdı. Xatirələrdə qeyd olunur ki, o, evdən sorğu-sual üçün gedərkən qardaşına əsərin əlyazmasını qorumağı tapşırmışdı. Hətta geri qayıtmayacağı təqdirdə qələmini oğlu Yusifə verməsini söyləmişdi. Sanki hiss edirdi ki, Yusif gələcəkdə yazıçı olacaq və onun yaza bilmədiklərini yazacaq. Sorğu-sualdan qayıtdıqdan sonra isə yaxınlarına bildirib: “Onlar mənim “Azərbaycan” şeirimdən bərk yapışıblar. Eybi yoxdur, zaman hər şeyi həll edəcək, hər şeyi göstərəcək”.

Düzdür, bunun üçün uzun zaman lazım oldu. Bu günün prizmasından baxdıqda görürük ki, Səməd Vurğunun vaxtilə təzyiqlərə və təqiblərə məruz qalmasına səbəb göstərilən əsərlər, xüsusilə də “Azərbaycan” şeiri, bu gün onun yaradıcılığının və vətəndaş mövqeyinin ən mühüm sübutlarından biri kimi dəyərləndirilir. Vaxtilə ittiham predmeti olan həmin əsərlər bu gün əslində onun ən güclü müdafiəsinə çevrilib.

– Şairin şəxsi arxivi və məktubları yeni tədqiqatların aparılması üçün hansı imkanlar yaradır?

– Səməd Vurğunun şəxsi arxivi Əlyazmalar İnstitutunda qorunur. Bununla yanaşı, digər ədəbiyyat adamlarının arxivlərində də şairə aid məktublar və sənədlər mövcuddur.

Mən tədqiqatlarım zamanı Ədəbiyyat və İncəsənət Arxivində Məmməd Rahimin, Əziz Şərifin və başqa ədəbiyyat xadimlərinin şəxsi fondlarında Səməd Vurğunla bağlı məktublara rast gəlmişəm. Onların bir qismini çap etdirmişəm, hələ nəşr olunmayan sənədlər də var.

Məmməd Rahimin xatirələrində Səməd Vurğunun “Vaqif” əsərinə görə ağır təzyiqlərlə üzləşdiyi, hətta dərin mənəvi böhran yaşadığı qeyd olunur. O, bir müddət bağ evinə çəkilmiş, dostlarından uzaqlaşmışdı. Xatirələrdən birində şairin hətta intihar düşüncəsinə qədər gəlib çatdığı bildirilir.

Baxmayaraq ki, Səməd Vurğun öz dövründə böyük şöhrət qazanmış, müxtəlif dövlət təltifləri almışdı, onun daxili həyatı tam xoşbəxt deyildi. Yaşadığı təqiblər, dostlarının repressiyaya məruz qalması, Hüseyn Cavid, Əhməd Cavad və başqa ziyalıların faciəli taleyi həssas və yaradıcı insan kimi ona çox ağır təsir göstərirdi.

Şairin son illərdə çəkilmiş fotolarına baxdıqda onun yaşından xeyli böyük göründüyünü hiss edirik. Bu, yaşadığı ağrıların, faciəli dövrün və mənəvi sarsıntıların nəticəsi idi. Bugünkü oxucu Səməd Vurğunun həyatına məhz həmin tarixi şəraitin prizmasından baxmağı bacarmalıdır.