Alfa nəsli və gələcəyin peşələri: Uşaqları bu gündən nəyə hazırlamalıyıq?

Süni intellektin və rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi bir dövrdə gələcəyin əmək bazarının necə formalaşacağı ən çox müzakirə olunan mövzulardandır. Bu günün Alfa nəsli təkcə texnologiyadan istifadə edən deyil, həm də onunla birlikdə inkişaf edən ilk nəsil hesab olunur. Bəs dəyişən dünyanın tələbləri fonunda uşaqları gələcəyin peşələrinə hazırlamaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı AZƏRTAC-a müsahibəsində təhsil eksperti Məzahir Məmmədli bildirib ki, süni intellekt və rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi bir dövrdə Alfa nəslinin gələcək peşələrə hazırlanması cəmiyyət qarşısında duran aktual məsələlərdən biridir.

“Dünyamız sürətlə süni intellektə və rəqəmsallaşmaya doğru irəliləyir. Bu səbəbdən Alfa nəslinin gələcəkdə hansı istiqamətlərə üz tutacağını bu gün tam müəyyənləşdirmək mümkün deyil. Lakin onların seçəcəyi peşələr dövrün və əmək bazarının tələblərinə uyğun olmalıdır”, - deyə ekspert bildirib.

Məzahir Məmmədlinin sözlərinə görə, uşaqları gələcəyə hazırlamağın ən doğru yolu onlara yalnız nəzəri biliklər deyil, universal bacarıqlar aşılamaqdır. Tənqidi düşüncə, yaradıcılıq, emosional intellekt, rəqəmsal savadlılıq və komanda ilə işləmək bacarığı gələcəyin əsas kompetensiyaları olacaq. Təhsil sistemi də məhz bu istiqamətdə yenilənməlidir.

Ekspert qeyd edib ki, süni intellektin gündəlik həyata sürətlə inteqrasiyası peşə seçiminə yanaşmanı da dəyişir: “Bu gün aktual hesab olunan bəzi ixtisaslar yaxın illərdə öz əhəmiyyətini itirə bilər. Buna görə də valideynlər və təhsil müəssisələri əmək bazarındakı dəyişiklikləri davamlı izləməli, uşaqların çevik düşünmə və yeni şəraitə uyğunlaşma qabiliyyətini inkişaf etdirməlidirlər”.

Müsahibimizin fikrincə, gələcəyin əmək bazarında daha çox informasiya texnologiyaları, kompüter elmləri, süni intellekt, rəqəmsal həllər və bu texnologiyaların müxtəlif sahələrə tətbiqi ilə bağlı peşələrə ehtiyac yaranacaq.

“Alfa nəslinin nümayəndələri peşə seçimində əvvəlki nəsillərdən daha müstəqil olacaqlar. Onlar valideyn tövsiyələrindən çox, texnologiyaların inkişaf tempini və əmək bazarının tələblərini nəzərə alaraq qərar verəcəklər”, - deyə təhsil eksperti vurğulayıb.

Məzahir Məmmədli hesab edir ki, cəmiyyətin əsas vəzifəsi uşaqlara konkret peşələr seçməkdən daha çox, onları dəyişikliklərə hazır fərdlər kimi yetişdirməkdir: “Yeni dövr başlayır və bizim missiyamız uşaqları bu dövrə uyğun bilik və bacarıqlarla təmin etməkdir. Əgər bu gün onlara öyrənməyi öyrədə bilsək, onlar sabah yaranacaq istənilən peşəyə uyğunlaşa biləcəklər. Alfa nəslinin uğuru onların hansı peşəni seçməsindən deyil, dəyişən dünyaya nə dərəcədə uyğunlaşa bilməsindən asılı olacaq”.