UNESCO-nun Dünya İrs Komitəsinin 48-ci sessiyası Cənubi Koreyanın Busan şəhərində işə başlayıb.
AZƏRTAC xəbər verir ki, sessiyada Dünya İrs Konvensiyasına qoşulmuş 195 dövlətdən seçilən 21 üzv ölkənin nümayəndələri, eləcə də İrs Komitəsinin üzvü olan Azərbaycanın nümayəndə heyəti iştirak edir.
Dünya İrs Komitəsi UNESCO-nun mədəni və təbii irsin qorunmasına dair 1972-ci il Konvensiyasının əsas idarəetmə orqanlarından biridir. Komitə hər il toplanaraq, Dünya İrs Siyahısına daxil edilməsi təklif olunan yeni obyektləri qiymətləndirir, həmçinin artıq siyahıya salınmış abidələrin və ərazilərin mühafizə vəziyyətini nəzərdən keçirir. Qərarlar UNESCO-nun məsləhətçi qurumlarının və Katibliyinin hazırladığı ekspert rəyləri əsasında qəbul edilir.
2026-cı il sessiyasında dünyanın müxtəlif bölgələrindən təqdim olunmuş yeni namizədlərin Dünya İrs Siyahısına daxil edilməsi, təhlükə altında olan irs obyektlərinin vəziyyəti və onların qorunması üçün görüləcək tədbirlər əsas müzakirə mövzularıdır. Komitənin gündəliyində həm mədəni, həm də təbii irs nümunələrinin qiymətləndirilməsi yer alır.
UNESCO-nun son məlumatlarına görə, hazırda Dünya İrs Siyahısına 170-dən çox ölkədə yerləşən 1 200-dən artıq mədəni, təbii və qarışıq irs obyekti daxildir. UNESCO-nun irs siyahısına Azərbaycandan 24 nümunə yer alır.
Hər yeni sessiyada bu siyahının genişlənməsi ilə yanaşı, iqlim dəyişikliyi, silahlı münaqişələr, urbanizasiya və kütləvi turizmin irs obyektlərinə təsiri də xüsusi diqqət mərkəzində saxlanılır.
Busandakı toplantının sonunda Komitənin yeni Dünya İrs obyektləri ilə bağlı qərarları və qorunma tədbirlərinə dair yekun qətnamələrinin açıqlanması gözlənilir.
UNESCO-nun Dünya İrs Komitəsinin 48-ci sessiyası iyulun 29-dək davam edəcək.