Dosent Səadət Məmmədova: Rəqəmsal dövrdə müəllimin təkcə bilik ötürən şəxs kimi rolu kifayət deyil MÜSAHİBƏ

Rəqəmsal texnologiyaların sürətli inkişafı, informasiya qəbulunun dəyişməsi və gənc nəslin fərqli dünyagörüşü təhsil prosesində yeni yanaşmalar tələb edir. X nəsli müəllimləri ilə Alfa nəsli şagirdləri arasında yaranan fərqlər yalnız yaş fərqindən deyil, həm də düşüncə, ünsiyyət və öyrənmə modellərindəki dəyişikliklərdən qaynaqlanır. Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun Rəqəmsal sosiologiya və sosioloji tədqiqatlar şöbəsinin müdiri sosiologiya elmləri doktoru, dosent Səadət Məmmədova AZƏRTAC-a müsahibəsində X və Alfa nəsilləri arasındakı fərqlərdən, müasir müəllimin dəyişən rolundan və nəsillərarası anlaşmanın yollarından danışıb.

-X və Alfa nəsilləri arasında dünyagörüşü, informasiya qəbulu və ünsiyyət baxımından əsas fərqlər nədən ibarətdir?

-X nəsli (1965–1980) rəqəmsallaşmaya keçid dövründə formalaşıb. Onlar sabitlik, təhlükəsizlik, iş-həyat balansı və müstəqilliyə önəm verirlər. İnformasiyanı əsasən kitab, qəzet və televiziya vasitəsilə əldə edir, telefon zəngləri, elektron poçt və mətn mesajları kimi ənənəvi ünsiyyət vasitələrinə üstünlük verirlər. Nəsillərarası münasibətlərdə iyerarxiyaya və şəxsi sərhədlərə hörmət edirlər.

Alfa nəsli (2010-cu ildən sonra) isə doğulduğu gündən rəqəmsal texnologiyalar, smartfonlar və süni intellektlə əhatə olunub. Onlar məlumatı qısa, vizual və interaktiv formatlarda daha rahat mənimsəyir, sosial şəbəkələrdə fəaldır, sürətli nəticələrə və çoxtapşırıqlılığa meyillidirlər. Ünsiyyətdə emojilər, memlər, stikerlər və qısa videolardan istifadə edir, bərabərhüquqlu ünsiyyətə və rəqəmsal icmaların formalaşdırılmasına üstünlük verirlər.

-Müasir məktəblərdə X nəsli müəllimlərinin Alfa nəslinin öyrənmə tərzinə uyğunlaşması nə dərəcədə vacibdir?

-Müasir təhsildə uğur qazanmaq üçün X nəslinə aid müəllimlər Alfa nəslinin öyrənmə xüsusiyyətlərinə uyğunlaşmalıdırlar. Dərslər qısa, dinamik, vizual və texnologiya dəstəyi ilə təşkil olunmalı, oyunlaşdırma və layihəəsaslı təlim metodlarından istifadə edilməlidir. Alfa nəsli avtoritar yanaşmadan çox, açıq və bərabər ünsiyyətə üstünlük verir. Süni intellekt vasitəsilə məlumat əldə edə bildikləri üçün müəllimlər onlara informasiyanın doğruluğunu qiymətləndirməyi öyrətməlidirlər. X nəsli müəllimlərinin təcrübəsi isə şagirdlərdə sistemli düşüncə, emosional zəka və real ünsiyyət bacarıqlarının formalaşmasında mühüm rol oynayır.

- Alfa nəslinin diqqət, motivasiya və informasiya qavrama xüsusiyyətləri ənənəvi tədris metodlarını necə dəyişməyə məcbur edir?

-Alfa nəslinin dərketmə xüsusiyyətləri texnologiya və məlumatlara ani çıxışın təsiri ilə formalaşıb. Onlar ənənəvi “dinlə, yaz, təkrarla” modelindən daha çox vizual, interaktiv və dinamik öyrənməyə üstünlük verirlər. Diqqət müddətləri qısa olduğundan dərslər 5–10 dəqiqəlik hissələrə bölünməli, video, viktorina, müzakirə və praktik fəaliyyətlərlə zənginləşdirilməlidir. Əzbərləməkdən çox tənqidi düşüncə, yaradıcılıq, ünsiyyət, əməkdaşlıq və emosional intellekt kimi yumşaq bacarıqların inkişafına üstünlük verilməsi daha səmərəli nəticə verir.

-Nəsillərarası fərqlər təhsil prosesində hansı çətinlikləri yaradır və onların aradan qaldırılması üçün hansı yanaşmalar daha effektiv hesab olunur?

-Müasir təhsildə müxtəlif nəsillərə mənsub müəllim, valideyn və şagirdlər arasında dəyər və ünsiyyət fərqləri nəsillərarası uçurum yaradır. Bumer və X nəsli müəllimləri daha çox iyerarxik münasibətlərə və biliklərin əzbərlənməsinə üstünlük verdiyi halda, Millennial valideynlər psixoloji rahatlıq, Z və Alfa nəsli şagirdləri isə tərəfdaşlıq, interaktivlik və fərdiləşdirilmiş öyrənmə gözləyirlər. Bu fərqlər müəllim-şagird və məktəb-valideyn münasibətlərində gərginlik yaradır.

Müasir pedaqogika bu problemi Çevrilmiş Sinif Modeli və əks mentorluq kimi yanaşmalarla aradan qaldırmağa çalışır. Bu metodlar müəllimi mentor, şagirdi isə fəal tərəfdaş kimi formalaşdırır, rəqəmsal bacarıqları gücləndirir və nəsillərarası anlaşmanı artırır.

-Müasir müəllim yalnız bilik ötürücüsü rolunda qalmalıdır, yoxsa mentor və bələdçi funksiyası daha ön plana çıxır?

-Rəqəmsal dövrdə müəllimin təkcə bilik ötürən şəxs kimi rolu kifayət etmir. İnformasiyanın hər kəs üçün əlçatan olduğu bir şəraitdə müəllimin əsas vəzifəsi şagirdə düzgün məlumatı seçməyi, onu təhlil etməyi və tətbiq etməyi öyrətməkdir. Bu səbəbdən müasir müəllim naviqator, mentor, bələdçi kimi üç əsas rolu yerinə yetirir.

Müasir müəllim artıq hazır cavablar verən deyil, şagirdlə birlikdə öyrənmə yolunu quran, ona istiqamət göstərən və inkişafına rəhbərlik edən şəxsdir.

-Sizcə, X nəsli müəllimi ilə Alfa nəsli şagirdi arasında uğurlu əməkdaşlığın və qarşılıqlı anlaşmanın əsas şərti nədir?

-X nəsil müəllimi ilə Alfa nəsil şagirdi arasında uğurlu əməkdaşlığın əsasında qarşılıqlı hörmət və anlaşma dayanır. Müəllim yalnız bilik ötürməməli, şagirdə məlumatı axtarmağı, təhlil etməyi və tətbiq etməyi öyrətməlidir. Rəqəmsal texnologiyalar isə qadağa deyil, onlardan təlim prosesinin bir hissəsi kimi istifadə olunmalıdır. Tərs mentorluq yanaşması ilə müəllim şagirdin rəqəmsal bacarıqlarından faydalanır, şagird isə özünü dəyərli hiss edərək müəllimə daha çox etimad göstərir. Bu yanaşma nəsillərarası fərqləri əməkdaşlığa çevirir.