Tanınmış rəssam Maral Rəhmanzadənin anadan olmasından 110 il ötür

Bu gün professional rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın, müasir milli rəngkarlıq məktəbinin inkişafında yüksək xidmətləri olan sənətkar, Dövlət mükafatı laureatı Maral Rəhmanzadənin anadan olmasından 110 il ötür.

AZƏRTAC xəbər verir ki, O, 1916-cı il iyulun 23-də Bakının Mərdəkan kəndində anadan olub.

Rəssamın “Bizim Xəzərdə”, “Azərbaycan qadınları”, “Doğma Vətənim”, “Sumqayıt-Rustavi” və digər əsərləri dünyanın müxtəlif ölkələrində 50-dən çox sərgidə nümayiş olunub. O, əsərlərində doğma diyarın misilsiz gözəlliyini - əzəmətli Naxçıvan dağlarını, bol-bəhrəli Quba bağlarını, qədim Lənkəran meşələrini, dağların qoynunda gizlənən Xınalıq kəndini tərənnüm edib.

Maral Rəhmanzadə əsərlərində qadın gözəlliyini əks etdirən milli geyimləri təsvir etməyi daha çox sevib. O, tablolarında yaraşıqlı və şən kənd qızlarını təsvir edib. Zərgər qızı Maral Rəhmanzadə milli libasları böyük sevgi və bacarıqla zərgərlik məmulatı ilə tamamlayıb. O, qadın obrazlarını “Odlar Yurdunun qızları”, “Üç çiçək” və “Mənim bacılarım” əsərlərində canlandırıb.

Əsərləri Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan və digər xarici ölkələrdə təşkil olunan incəsənət sərgilərində nümayiş etdirilib. Dəfələrlə Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Bakıda, eləcə də Rusiyada, Şri-Lankada (1958), Kubada (1964) və İranda (1991) fərdi sərgiləri açılıb. “Azərbaycan neft ölkəsidir”, “Bizim Xəzərdə” və “Avtoportret” tabloları rəssamın ən məşhur əsərləridir.

Maral Rəhmanzadə milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox orden və medallara, o cümlədən “Şöhrət” ordeninə layiq görülüb.

Rəssam 2008-ci il martın 18-də vəfat edib.