“Sea Breeze” kurort şəhərində ELIE SAAB tərəfindən “Panorama” memarlıq layihəsinin hazırlanmasında Azərbaycanın zəngin mədəni irsi əsas ilham mənbəyi olub.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində ELIE SAAB Qrupunun baş direktoru Eli Saab (kiçik) bildirib.
O, layihələr üzərində iş prosesində ölkənin mədəniyyətini, adət-ənənələrini və həyat tərzini öyrənməyin vacibliyini vurğulayıb ki, bu xüsusiyyətlər memarlıq və dizaynda öz əksini tapsın.
“Belə zəngin mədəniyyətə malik ölkədə işləmək bizim üçün çox vacibdir. Bu, insanların necə yaşadığını, gündəlik həyatlarının əsasında hansı dəyərlərin dayandığını daha yaxşı başa düşməyə və həmin xüsusiyyətləri memarlığa və dizayna mümkün qədər problemsiz şəkildə inteqrasiya etməyimizə kömək edir”, - deyə o bildirib.
Eli Saab (kiçik) layihənin konsepsiyasının Azərbaycan və Bakının mədəni kimliyinə əsaslandığını və şəhərsalmanın müasir vizyonu ilə birləşdirildiyini qeyd edib.
“Biz ölkənin irsini və gələcəyə baxışını birləşdirərək unikal memarlıq layihəsi yaratmağa çalışdıq”, - deyə o vurğulayıb.
Azərbaycana ilk səfərindən danışan ELIE SAAB Qrupunun baş direktoru qeyd edib ki, layihənin konsepsiyası və baş planı üzərində geniş iş aparılmasına baxmayaraq, ölkəni şəxsən görmək ona buradakı ab-havanı yeni bir şəkildə yaşamağa imkan verib.
“Gəlməzdən əvvəl düşünürdüm ki, bu yeri artıq yaxşı tanıyıram, çünki layihə və onun konsepsiyası üzərində uzun müddət işləmişik. Amma onu öz gözlərimlə görmək tamamilə fərqli hissdir. Burada olmaq və hər kəslə şəxsən görüşmək həqiqətən unikal təcrübədir”, - deyə o əlavə edib.