Göygöl şəhərinin tarixi inkişafı və burada yaşamış alman icmasının şəhərsalma ənənələri araşdırılıb.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun memarlıq doktoru, dosent Rahibə Əliyeva AZƏRTAC-a tədqiqatın nəticələri barədə məlumat verib.
Araşdırmalara görə, almanların inşa etdikləri yaşayış evləri memarlıq xüsusiyyətləri və planlaşdırma prinsipləri ilə seçilib. Alman evlərinin aşağı mərtəbələri əsasən tağ-tavan örtüklü zirzəmilərdən ibarət olub. Bu zirzəmilər şərabların saxlanılması üçün istifadə edilir, yay aylarında isə təbii soyuducu funksiyasını yerinə yetirirdi. Bəzi məhəllələrdə zirzəmilər yeraltı yollar vasitəsilə bir-biri ilə əlaqələndirilirdi. Alman ailələrinin həyətləri kiçik olur, burada müxtəlif güllər və meyvə ağacları əkilirdi. Almanların məskunlaşmasından sonra Azərbaycanın qərb bölgəsində yaşayan yerli əhali də bu memarlıq ənənələrinin təsiri ilə oxşar evlər tikməyə başlayıb. Bununla belə, yerli evlərin zirzəmiləri əsasən tir-dayaq sisteminə əsaslanır və daha dayaz formada inşa edilirdi.
Alim xatırladıb ki, 1941-ci ildə sovet hakimiyyətinin qərarı ilə Azərbaycanda yaşayan almanların böyük hissəsi Sibir və Qazaxıstana deportasiya olunub. Azərbaycanda yaşamış almanlar bölgənin kənd təsərrüfatı, sənayesi, memarlığı və mədəni həyatında mühüm iz qoyublar. Deportasiyadan sonra Helenendorfdakı (Göygöl) alman icmasının inkişafı dayanıb. Lakin onların yaşayış və təsərrüfat tikililəri şəhərin tarixi irsinin mühüm hissəsi kimi qorunub saxlanılıb.
Müstəqillik illərində Azərbaycanda alman irsinin qorunmasına maraq artıb. Göygöldə alman memarlıq nümunələrinin bərpası, tarixi binaların siyahıya alınması və pasportlaşdırılması həyata keçirilib, Helenendorf ərazisinin tarixi qoruq kimi qorunması istiqamətində işlər görülüb. Şəhərdə almanların həyat tərzini əks etdirən etnoqrafik muzey fəaliyyət göstərir.
Göygöldə yaşamış sonuncu alman Viktor Klayn da bu irsin qorunmasına töhfə verib. O, ata-babalarından qalan evi və məişət əşyalarını dövlətə təhvil verib. Hazırda həmin ev Viktor Klaynın ev-muzeyi kimi fəaliyyət göstərir və şəhərin turizm marşrutlarına daxil edilib.
Azərbaycanın alman irsinin qorunmasına verdiyi önəm beynəlxalq səviyyədə də diqqət çəkib. Almaniyanın “The European Circle” jurnalında dərc olunan reportajda Azərbaycan "Alman irsini qoruyan ölkə" kimi təqdim olunub, Helenendorfun memarlıq simasının bu gün də qorunduğu vurğulanıb.
Tədqiqatın nəticələrinə əsasən, Göygöl şəhərinin tarixi hissəsi alman memarlıq və şəhərsalma ənənələrini yaşadan nadir mədəni irs nümunəsidir. Bu irsin qorunması Azərbaycanın multikultural dəyərlərə və müxtəlif xalqların tarixi-mədəni irsinə verdiyi önəmin, həmçinin Azərbaycan–Almaniya dostluq əlaqələrinin mühüm göstəricilərindən biri hesab olunur.