Şuşada 21 tarixi-memarlıq abidəsinin pasportlaşdırılmasına başlanılır

Şuşa şəhərində yerləşən 21 tarixi-memarlıq abidəsinin pasportlaşdırılması işlərinə başlanılır.

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumata əsasən, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bununla bağlı müvafiq satınalma proseduruna start verib.

Məlumata görə, layihə çərçivəsində şəhərdə yerləşən 21 tarixi və mədəni irs nümunəsi üzrə pasportlaşdırma xidmətinin satın alınması nəzərdə tutulur.

 

Pasportlaşdırılacaq abidələr sırasına Aşağı Gövhər Ağa məscidi, Saatlı məscidi, Mamayı məscidi, Çöl Qala məscidi, Aşağı məscid mədrəsəsi, Molla Pənah Vaqifin türbəsi, Üzeyir Hacıbəyovun ev-muzeyi, Bülbülün evi, Sadıqcanın evi, Bülbülcanın evi, Hacı Məmmədin yaşayış evi, Şirin su hamamı, Xalça Muzeyi kimi istifadə olunan yaşayış evi, Təzə məhəllə bulağı, Mamayı məscidi bulağı, Çöl Qala məscidi bulağı, İsa bulağı, həmçinin "Yasəmən" otel kompleksinə daxil olan Məşədi Şəhriyarın evi, Məşədi Əlinin evi və yaşayış evi daxildir.

Satınalma sənədlərinə əsasən, pasportlaşdırma işlərinin ümumi dəyərinin 146 min 587 manat olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, tarixi-mədəni irs abidələrinin pasportlaşdırılması onların memarlıq xüsusiyyətləri, tarixi əhəmiyyəti, texniki vəziyyəti və mühafizə statusu barədə məlumatların sistemləşdirilməsi, eləcə də gələcək bərpa və konservasiya işlərinin elmi əsaslarla həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.