Dörd zal, iki böyük ömür: Rəsul Rza və Nigar Rəfibəylinin mənəvi irsi

Xalq şairi Rəsul Rzanın ev-muzeyinin astanasından içəri qədəm qoyarkən insanı sözün, xatirələrin və zamanın hökm sürdüyü bənzərsiz bir aləm qarşılayır. Divarlardan boylanan fotolar, illərin yaddaşını daşıyan lal əşyalar və otaqlara hakim olan dərin sakitlik ziyarətçini sanki XX əsr Azərbaycan ədəbi mühitinin mənəvi atmosferinə çəkib aparır. Bu ocaqdakı hüzur elə ilk andan insanın ruhuna süzülür.

Asta addımlarla irəlilədikcə bizi qarşılayan bələdçi ilə duyğularımızı bölüşürük. O, gülümsəyərək bu hissin buraya gələn hər kəsə tanış olduğunu, xüsusən incə ruhlu insanların evin mənəvi nəfəsini daha tez duyduqlarını bildirir.

Oxucularımız AZƏRTAC-ın bu reportajında qədimliyi və poetikliyi özündə yaşadan bu muzeylə daha yaxından tanış olacaqlar.

Qısa həmsöhbətdən sonra dörd ekspozisiya zalını əhatə edən zəngin zaman səyahətinə başlayırıq. Hər bir zal Rəsul Rza və onun ömür-gün yoldaşı, Xalq şairi Nigar Rəfibəylinin həyat və yaradıcılıq yoluna işıq salır, onların zəngin mənəvi irsini ziyarətçilərin gözü önündə yenidən canlandırır.

Ekspozisiya ilə tanışlıq Rəsul Rzanın iş otağından – şairin kabinetindən başlayır. Uzun illər onun yazıb-yaratdığı bu otaqda iş masası, kitabları, əlyazmaları və şəxsi əşyaları bu gün də əvvəlki kimi qorunub-saxlanılır. Bu zalın ən diqqətçəkən guşələrindən biri “Səndən sənə” adlanan ekspozisiyadır. Burada Rəsul Rza və Nigar Rəfibəylinin bir-birlərinə həsr etdikləri şeir nümunələri təqdim olunur. Bu guşə iki böyük şairin yalnız yaradıcılıq deyil, həm də dərin sevgi, qarşılıqlı hörmət və mənəvi bağlılıq üzərində qurulmuş ailə həyatını ziyarətçilərə yaxından hiss etdirir.

Növbəti zal geniş qonaq otağıdır. Bu otaqda Nigar Rəfibəylinin cehizindən qalan mebel dəsti, müxtəlif məişət əşyaları və ailə həyatını əks etdirən qiymətli eksponatlar nümayiş olunur. Burada ziyarətçilər ailənin gündəlik yaşam tərzi ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Eyni zamanda zalda Rəsul Rzanın Azərbaycan poeziyasında özünəməxsus yer tutan məşhur “Rənglər” silsiləsindən yeddi şeir nümunəsi təqdim edilir. Bu əsərlər şairin rənglər vasitəsilə insan duyğularını və fəlsəfi düşüncələrini necə ifadə etdiyini nümayiş etdirir. Zalın ən dəyərli eksponatlarından biri də qədim musiqi qutusudur. Uzun illər bu evində qorunub saxlanılan bu eksponat öz zərifliyi və tarixi əhəmiyyəti ilə hər kəsin xüsusi marağına səbəb olur.

Üçüncü zal Rəsul Rza və Nigar Rəfibəylinin dostlarını, elm və mədəniyyət xadimlərini qəbul etdikləri qonaq otağıdır. Vaxtilə bu məkanda Azərbaycanın görkəmli yazıçıları, şairləri, bəstəkarları və incəsənət nümayəndələri bir araya gələr, ədəbiyyat, incəsənət və ictimai həyatla bağlı maraqlı söhbətlər aparıblar. Otaqda nümayiş olunan qiymətli heykəltəraşlıq nümunələri, eləcə də tanınmış rəssamların Rəsul Rzaya hədiyyə etdikləri sənət əsərləri həmin dostluq münasibətlərinin və böyük hörmətin bariz nümunəsidir. Zalın ən önəmli eksponatlarından biri isə royaldır. Rəsul Rza musiqini çox sevər, bu royalın arxasına keçərək qonaqları üçün müxtəlif musiqi əsərlərini ifa edərdi. Bu royal bu gün də evdə hökm sürən zəngin mədəni mühitin canlı şahidi kimi qorunub saxlanılır.

Ekspozisiyanın son zalı isə tamamilə Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin həyat və yaradıcılığına həsr olunub. Burada onun uşaqlıq və gənclik illərinə aid nadir fotoşəkillər, həyat yolunu əks etdirən sənədlər, yaradıcılığını əks etdirən materiallar, övladlarına ithaf etdiyi şeir nümunələri, eləcə də Azərbaycanın tanınmış nəsillərindən olan Rəfibəylilər haqqında məlumatlar təqdim olunur. Zalda Nigar Rəfibəylinin şəxsi əşyaları – istifadə etdiyi aksesuarlar, güzgü masası və digər yadigarları xüsusi həssaslıqla qorunur. Bu eksponatlar ziyarətçilərə onun yalnız böyük şairə deyil, həm də qayğıkeş ana, ziyalı və incə zövq sahibi bir insan olduğunu daha yaxından tanımağa imkan yaradır.

Söhbət zamanı muzeyin fondunda beş mindən artıq eksponatın mühafizə olunduğunu da öyrəndik. Hər bir eksponat Rəsul Rza və Nigar Rəfibəylinin zəngin irsinin gələcək nəsillərə çatdırılmasına xidmət edir.