Andris Vitolinş: Latviya ilə Azərbaycan arasında mədəni əlaqələrin dərin tarixi kökləri var

Latviya ilə Azərbaycan arasında mədəni əlaqələrin dərin tarixi kökləri var və bu əlaqələr müasir bədii layihələr vasitəsilə inkişaf etməkdə davam edir.

Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində Latviya Rəssamlıq Akademiyasının prorektoru Andris Vitolinş həmin akademiyanın rəssamlarının əsərlərinin təqdim olunduğu “Uzaq sahillərin işığı” sərgisinin açılışı zamanı deyib.

O bildirib ki, sərginin Latviya rəssamlıq məktəbinin üç nəslinin nümayəndələrini bir araya gətirməsi bu tədbirə özünəməxsus dəyər qatır.

“Burada bir məkanda üç nəsil təmsil olunur. Bunlar mənim müəllimlərim, professorlarım, o cümlədən diplom işimə rəhbərlik etmiş Aleksey Naumov, eləcə də ən gənc nəsildir. Məsələn, Emma Sofiya və artıq rəhbərlik etdiyim, hazırda akademiyada müəllim olan digər rəssamlar. Bir sözlə, burada zaman keçdikcə hər şeyin necə dəyişdiyini görmək mümkündür”, - deyə A.Vitolinş qeyd edib.

O, həmçinin Latviya ilə Azərbaycan arasındakı tarixi əlaqələrdən danışıb. Onun sözlərinə görə, 100 ildən çox əvvəl Bakıda 2 mindən çox latış yaşayırdı, Latviya mədəniyyətinin nümayəndələri isə Azərbaycanın irsini öyrənirdilər.

“Latış rəssamı və sənətşünas Yuli Straume Azərbaycanın etnoqrafiyasını öyrənib, Təbrizə səfər edib, Qarabağda müəllim işləyib. Sonralar o, bu təsirləri Latviyanın tekstil mədəniyyətinə gətirib”, - deyə A.Vitolinş qeyd edib.

O, sərginin Azərbaycan auditoriyası tərəfindən necə qarşılanmasından danışıb, tamaşaçıların təqdim olunan əsərlərə xüsusi maraq göstərdiyini vurğulayıb.

“Azərbaycan auditoriyası çox maraqlıdır. İnsanlar çoxlu suallar verirlər. Avropalılarla müqayisə etsək, onlar əvvəlcə oxuyur və konsepsiyanı, yəni əsər haqqında yazılanları anlamaq istəyirlər. Azərbaycanlılar isə birbaşa soruşurlar: bunu niyə etmisiniz, nə demək istəmisiniz, nə barədə düşünmüsünüz? Bu, daha da birbaşa, insani təmasdır”, - deyə o bildirib.

A.Vitolinş əməkdaşlığın davam etdirilməsi ilə bağlı planlardan da danışıb. Onun sözlərinə görə, akademiyada animasiya istiqaməti güclüdür və buna görə də gələcəkdə Azərbaycana animasiya və rəqəmsal incəsənətə həsr olunmuş sərgi gətirilə bilər.

“Bir-iki ildən sonra buraya başqa bir sərgi gətirmək fikrimiz var. Ola bilsin ki, animasiya və rəqəmsal incəsənətə həsr olunmuş sərgi təşkil edək”, - deyə prorektor əlavə edib.