Gənc riyaziyyatçı: Qazandığım bilikləri gələcəkdə Azərbaycanda tətbiq etmək istəyirəm

Bir neçə nüfuzlu xarici universitetdən qəbul alan azərbaycanlı gənc riyaziyyatçı Fərhad Hüseynov təhsilini Cənubi Koreyanın KAIST Universitetində davam etdirmək qərarına gəlib.

O, AZƏRTAC-a açıqlamasında bildirib ki, SAT imtahanından 1470, IELTS-dan isə 7 bal toplayıb. Bilkent Universiteti, KAIST, Edinburq Universiteti və Seul Milli Universitetindən riyaziyyat ixtisası üzrə qəbul alıb və təhsilini KAIST-da davam etdirməyi seçib.

Riyaziyyatçı KAIST-ı seçməsinin əsas səbəblərindən birinin həmin universitetdəki rəqabətli mühit olduğunu deyib:“Çox rəqabətcil universitetdir və mən rəqabət aparmağı çox sevirəm. Burada əlimdən gələni etməyə çalışacağam”.

Fərhad Hüseynov hazırda KAIST Universitetinin üçüncü həftəsində olduğunu söyləyib.

O bildirib ki, əldə etdiyi bilikləri gələcəkdə Azərbaycanda tətbiq etmək niyyətindədir.

Fərhad Hüseynovun sözlərinə görə, KAIST-da təhsil almaq həm arzularından biri, həm də rəqabətli akademik mühitdə özünü inkişaf etdirmək üçün mühüm imkandır.