“Şuşa, sən azadsan!” filminin çəkilişləri zamanı müxtəlif insanlarla görüşdük, əsgərlərlə danışdıq. Onlar Hadrut əməliyyatının çox çətin olduğunu, professionallıq tələb etdiyini söylədilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində “Hadrut, sən azadsan!” sənədli filminin quruluşçu rejissoru Cavidan Şərifov deyib. Gələcək layihələrdən söz açan rejissor deyib: “Çalışırıq ki, belə filmlərə maksimum yer verək. Bizim döyüşən gənclər heç bir zaman unudulmamalıdır. Məhz ona görə də çalışacağıq ki, bu səpkidə filmlər çəkək”.
C.Şərifov bildirib ki, filmdə heç bir aktyor çəkilməyib, xüsusi təyinatlı qüvvələrin, ordumuzun əsgər və zabitləri iştirak edib. O, onlarla işləməyin böyük məsuliyyət tələb etdiyini deyib.