Milli Musiqi Günü deyəndə ilk olaraq xalqımızın yaddaşında dərin iz qoymuş dahi bəstəkar Üzeyir Hacıbəyli yada düşür. Bu gün onun adı və Azərbaycan peşəkar musiqisinin inkişafına verdiyi misilsiz töhfələrlə bağlıdır.
Bunu AZƏRTAC-a açıqlamasında bəstəkar, Əməkdar artist Vüqar Camalzadə deyib.
O qeyd edib ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqisinin zəngin və çoxəsrlik ənənələrini yeni mərhələyə yüksəldərək peşəkar musiqi sənətinin əsasını qoyub: “Onun yaradıcılığı milli musiqimizin inkişafında mühüm dönüş nöqtəsi olub və Azərbaycan musiqisinin dünya mədəniyyətində tanınmasına böyük imkan yaradıb. Üzeyir bəyin davamçıları da bu ənənələri yaşadaraq Azərbaycan musiqi xəzinəsini yeni əsərlərlə zənginləşdiriblər. Onların yaradıcılığında simfoniyalar, baletlər, kantatalar və digər irihəcmli musiqi əsərləri mühüm yer tutur. Bu gün əsas məqsəd həmin zəngin irsi qorumaqla yanaşı, milli musiqimizi müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirmək və gələcək nəsillərə ötürməkdir. Azərbaycan musiqisinin zəngin və çoxəsrlik ənənələri bu gün də yaşadılır”.