İşğaldan azad olunmuş ərazilərdə dini-mədəni irsə vurulmuş ziyan, abidələrdən mədəni sərvətlərin çıxarılması, eləcə də atributsiya və restitusiya məsələləri ilə bağlı İnterpol və UNESCO çərçivəsində bir sıra işlər görülür.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Səadət Yusifova “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, işğal dövründə tarixi və dini abidələrə edilmiş qanunsuz müdaxilələr bir sıra beynəlxalq hüquqi məsələlərin qaldırılmasını zəruri edir.
“Bu isə bir sıra beynəlxalq hüquq məsələlərinə aydınlıq gətirilməsini, atributsiya və restitusiya məsələlərinin qaldırılmasını zəruri edir. Bu istiqamətdə İnterpol və UNESCO çərçivəsində bir sıra işlər artıq görülür”, – nazir müavini qeyd edib.
S.Yusifovanın sözlərinə görə, aparılan təhlillər işğaldan azad edilmiş ərazilərdə 68 abidənin tamamilə dağıdıldığını, 114 abidənin isə müxtəlif həcmdə və miqyasda dağıntıya məruz qaldığını göstərir. Digər abidələrə də müxtəlif səviyyələrdə ziyan vurulub, özünküləşdirmə və vandalizm aktları qeydə alınıb.
Nazir müavini diqqətə çatdırıb ki, Qarabağ və Şərqi Zəngəzurda dövlət qeydiyyatında olan 130 abidənin inventarlaşdırılması hələ başa çatdırılmayıb. Bunun əsas səbəbi həmin ərazilərin minalarla çirkləndirilməsidir.
O qeyd edib ki, inventarlaşdırma zamanı dövlət qeydiyyatında olan 9 türbə, 3 qəbiristanlıq və 7 məscidin tamamilə dağıdıldığı, 25 məscid, 14 türbə və 2 sərdabənin isə müxtəlif miqyasda dağıntılara məruz qaldığı müəyyənləşdirilib.
Xristian dini irsinə də ziyan vurulduğunu bildirən S.Yusifova qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə bir məbəd tamamilə dağıdılıb, 20 məbəd isə müxtəlif miqyasda dağıntıya məruz qalıb.
O, həmçinin Xudavəng monastırında işğal dövründə qanunsuz müdaxilələrin və saxta bərpa işlərinin aparıldığını, freskaların və xaçdaşların sökülərək ərazidən çıxarıldığını bildirib. Nazir müavininin sözlərinə görə, Xudavəng və Gəncəsər komplekslərinin ərazisindəki qəbirlərdən sümüklərin çıxarılması halları da qeydə alınıb.
Nazir müavini bildirib ki, ötən il işğaldan azad edilmiş ərazilərdə 4 məscid, 7 türbə, 4 monastır və 13 məbəd dövlət qeydiyyatına alınıb.
O qeyd edib ki, Nazirlər Kabinetinin 2001-ci ildə qəbul etdiyi 132 nömrəli qərarla ölkə ərazisində 423 məscid, 213 türbə, 163 qəbiristanlıq, 222 kilsə və məbəd dövlət mühafizəsinə götürülüb. Bu proses hazırda da davam etdirilir.
S.Yusifova işğaldan azad edilmiş ərazilərdə tarixi və dini irsin inventarlaşdırılması istiqamətində görülən işlərdən də danışıb. Nazirr müavini bildirib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrs Xidməti tərəfindən 2020-ci il noyabrın 13-dən etibarən 196-sı Şuşa şəhərində olmaqla ümumilikdə 575 abidədə inventarlaşdırma işləri aparılıb.
Onun sözlərinə görə, proses yalnız abidələrin mövcud vəziyyətinin nəzərdən keçirilməsi ilə məhdudlaşmır. İnventarlaşdırma çərçivəsində sahə tədqiqatları həyata keçirilir və abidələrin elektron xəritələri hazırlanır.