Bilik və təcrübəmi Azərbaycanda tətbiq etməyi düşünürəm - Londonda təhsil alan Sahibə Dünyamalıyeva ilə MÜSAHİBƏ

Enerji keçidi artıq yalnız yeni günəş və külək stansiyalarının tikintisi ilə məhdudlaşmır. Bu proses enerji təhlükəsizliyi, iqtisadi səmərəlilik, şəbəkələrin modernləşdirilməsi, investisiya qərarları və uzunmüddətli dövlət siyasətinin bir-biri ilə uzlaşdırılmasını tələb edir. Bu sahədə ixtisaslaşan azərbaycanlı gənclərdən biri də hazırda London Universitet Kollecində (UCL) “Enerji və ətraf mühitin iqtisadiyyatı və siyasəti” üzrə magistratura təhsili alan Sahibə Dünyamalıyevadır.

O, AZƏRTAC-a müsahibəsində enerji modelləşdirilməsi, Azərbaycanın yaşıl enerji potensialı, enerji təhlükəsizliyi ilə bərpaolunan enerjiyə keçid arasında balans, ölkənin regional yaşıl enerji mərkəzinə çevrilməsi üçün görülməli işlər və gələcək karyera planlarından danışıb.

-Özünüz və təhsil yolunuz haqqında qısa məlumat verə bilərsinizmi? UCL-də “Enerji və ətraf mühitin iqtisadiyyatı və siyasəti” magistr proqramını seçməyinizə nə səbəb oldu?

-Orta məktəbi və bakalavriat təhsilimi Naxçıvanda başa vurmuşam, ardından 2018–2020-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kimya mühəndisliyi üzrə magistr dərəcəsi almışam. Akademik təhsildən sonra altı ilə yaxın sənayedə çalışmışam; ən əhəmiyyətli təcrübəm "AzerGold" şirkətinin Daşkəsən Dəmir Filizi layihəsində olub. Orada üç il layihə koordinatoru kimi fəaliyyət göstərmişəm. Layihədə potensial ixrac istiqamətlərindən biri Avropa bazarı idi, lakin Avropa İttifaqının CBAM siyasəti qüvvəyə mindikcə gördük ki, düzgün qurulmuş bir siyasət bütöv bir layihənin texnologiya seçimini və maliyyə hesablamalarını dəyişə bilir. Bu, mənə çox vacib bir şeyi göstərdi: mən texniki tərəfi bilirdim, amma tam mənzərəni görmürdüm. Enerji keçidini anlamaq üçün siyasəti, iqtisadiyyatı və onların texniki qərarlarla necə kəsişdiyini də bilmək lazımdır. UCL-in bu proqramını seçdim, çünki bu proqram məhz bu mənzərəni tam verir.

-Bu proqram çərçivəsində əsasən hansı istiqamətləri öyrənirsiniz? Təhsilinizdə sizi xüsusilə maraqlandıran sahələr hansılardır?

-Proqram beş məcburi modul, üç seçmə modul və dissertasiyadan ibarətdir. Məcburi modullar ətraf mühit və resurs iqtisadiyyatını, ekoloji hüquq və qiymətləndirməni, enerji modelləşdirməsi və ssenarilərini və enerjinin geosiyasi və siyasi-iqtisadi kontekstini əhatə edir. Bunların hamısı bir-birini tamamlayır, amma proqramın özəyi enerji sistemlərinin analizidir: enerji bazarları necə işləyir, enerji keçidi hansı iqtisadi və siyasi şərtlər altında mümkün olur, hansı modellə hansı sualı cavablamaq olar.

Seçmə modullardan mən qabaqcıl enerji-iqtisadiyyat-ətraf mühit modelləşdirməsini götürmüşəm, bu, proqramın ən kəmiyyətyönümlü moduludur. Bu modulda biz OSeMOSYS kimi açıq mənbəli enerji planlaşdırma alətləri ilə işləyirik: bir ölkənin və ya regionun enerji sistemini modelə salırıq, müxtəlif texnologiya və siyasət ssenarilərini qururuq və ən az xərcli keçid yollarını müəyyənləşdiririk. Bu, nəzəri bilik deyil, birbaşa praktiki bacarıqdır. Modelin nəticəsi konkret rəqəmlər verir, hansı texnologiyaya hansı ildə nə qədər investisiya lazımdır, hansı siyasət aləti hansı emissiya azalmasını təmin edir. Bundan əlavə, enerji, texnologiya və innovasiya modulunu da seçmişəm ki, enerji keçidinin texnoloji dinamikasını, yəni yeni texnologiyaların bazara necə daxil olduğunu və siyasətin bu prosesi necə sürətləndirə və ya ləngidə biləcəyini anlayım.

Məni ən çox maraqlandıran sahə məhz bu modelləşdirmə hissəsidir. Çünki enerji keçidi haqqında ümumi danışmaq asandır, amma konkret bir ölkə üçün "hansı yol, hansı xərclə, hansı müddətdə" sualına cavab vermək modelləşdirmə tələb edir. Bu, siyasət qərarlarını məlumatlandıran ən güclü alətdir.

-London Universitet Kollecində təhsil almaq təcrübənizi necə qiymətləndirirsiniz?

-Universitetin ən çox sevdiyim cəhəti nəzəriyyə ilə praktika arasındakı məsafənin demək olar ki, olmamasıdır. Mən gözləyirdim ki, universitetdə dərslik oxuyacağam, amma əvəzinə enerji sektorunun bu gün üzləşdiyi real problemlərlə, ən son keys studilərlə işlədik. Müəllimlərimiz bu sahədə akademik tədqiqat aparan insanlar olmaqla yanaşı, siyasəti birbaşa formalaşdıran mütəxəssislərdir. Bundan əlavə, beynəlxalq təşkilatlardan qonaq mühazirəçilər gəlir və bizə proqram boyu öyrəndiklərimizin praktikada necə işlədiyini öyrədirdilər. Yəni mən nəzəriyyəni nəzəriyyə kimi deyil, real qərarların arxasındakı məntiq kimi öyrəndim, bu da tamamilə fərqli təcrübədir.

Proqramın mənə ikinci xüsusilə qiymətli olan tərəfi budur ki, tapşırıqlarda istənilən ölkəni seçib analiz etmək imkanımız var idi. Mən demək olar ki, hər dəfə Azərbaycanı seçirdim. Nəticədə proqramı bitirəndə əlimdə təkcə diplom yox, Azərbaycanın enerji sistemi haqqında müxtəlif bucaqlardan aparılmış birillik sistematik analiz var idi.

-Ölkələr enerji təhlükəsizliyini təmin etməklə yaşıl enerjiyə keçid arasında balansı necə qura bilər?

-Bu ikisi arasında qısa müddətdə real gərginlik var, bunu inkar etmək olmaz. Bərpaolunan enerji mənbələri, xüsusilə günəş və külək, dəyişkəndir, enerji saxlama texnologiyaları hələ kifayət qədər ucuzlaşmayıb, şəbəkə infrastrukturu çox ölkədə bu keçidə hazır deyil. Amma uzun müddətdə yaşıl enerji keçidi enerji təhlükəsizliyinə zidd deyil, əksinə, onu gücləndirir. Xarici yanacağa asılı olan ölkə hər qiymət dalğalanmasında, hər geosiyasi gərginlikdə zərbə alır. Yerli bərpaolunan enerjiyə əsaslanan sistem isə bu asılılığı azaldır.

Əsl sual keçidin olub-olmaması deyil, onun necə idarə olunmasıdır. Bu, sürət, ardıcıllıq və uyğunlaşdırma məsələsidir. Hər ölkənin başlanğıc nöqtəsi fərqlidir, ona görə keçid yolu da fərqli olmalıdır. Azərbaycanı nümunə göstərsəm, ölkə neft və qaz ixracatçısıdır, amma eyni zamanda güclü külək və günəş potensialına malikdir. Burada balans o deməkdir ki, mövcud qaz infrastrukturundan keçid dövrü ərzində sabitləşdirici mənbə kimi istifadə edəsən, paralel olaraq bərpaolunan enerji gücünü artırasan və şəbəkəni bu yeni reallığa hazırlayasan. Qazı tez tərk etsən, enerji təchizatında boşluq yaranır; heç tərk etməsən, iqtisadi və ekoloji xərc artır. Doğru cavab bu ikisinin arasında, amma harada olduğunu müəyyənləşdirmək üçün kəmiyyət analizi lazımdır, yəni konkret ssenarilər qurmaq, xərcləri hesablamaq və müqayisə etmək lazımdır. Məhz buna görə enerji modelləşdirməsi bu sahədə ən vacib alətlərdən biridir.

-Azərbaycanın enerji siyasətini və bərpaolunan enerji sahəsində atdığı addımları necə qiymətləndirirsiniz?

-Son illərin işini uğurlu qiymətləndirirəm. Əvvəlcə qanun bazası yaradıldı, sonra layihələr bir-birinin ardınca gəldi. Bu gün Qaradağda günəş, Xızı-Abşeronda külək stansiyası artıq elektrik verir. Biləsuvarda, Neftçalada, Abşeronda, Qobustanda və Cəbrayılda yeni stansiyalar tikilir, Naxçıvanda müqavilələr imzalanıb. Yəni söhbət bir-iki pilot layihədən yox, Abşerondan Naxçıvana qədər uzanan və BƏƏ, Səudiyyə Ərəbistanı, Britaniya və Çin şirkətlərini əhatə edən bir portfeldən gedir. 2027-ci ilədək 2 qiqavatdan çox yeni gücün qurulması nəzərdə tutulur.

-Azərbaycanın regional yaşıl enerji mərkəzinə çevrilməsi üçün hansı istiqamətlərə daha çox diqqət yetirilməlidir?

-Mərkəz olmaq üçün enerji axınının ölkə üzərindən keçməsini və onun ticarətini idarə etmək vacibdir. Üç əsas istiqamət görürəm. Birincisi, şəbəkənin sürəti. Hazırda ölkədə 2070 MVt gücündə bərpaolunan enerji stansiyaları işləyir, 2027-ci ilədək isə 2 qiqavatdan çox yeni layihənin reallaşdırılması nəzərdə tutulur. Yəni güc qısa müddətdə təxminən ikiqat artır. Xətlər eyni sürətlə güclənməsə, stansiya işləyəcək, enerji ötürülməyəcək və istehsalı bəzi saatlarda dayandırmaq lazım gələcək.

İkincisi, satış şərtləri. Qara dəniz kabeli üzrə dörd ölkənin operatorları birgə şirkət qurub və texniki-iqtisadi araşdırma aparılır. Amma kabel özü kifayət deyil. Alıcı kimdir, qiymət nə qədərdir, müqavilə neçə illikdir? Bunlar aydın olmadan bank belə layihəni maliyyələşdirmir. Sertifikat da lazımdır, əks halda enerji adi elektrik qiymətinə satılar. Üstəlik Avropanın öz enerjisi ucuzlaşır, ona görə rəqabətlilik nəzərə alınmalıdır.

Üçüncüsü, tranzit. Öz enerjini satmaqla mərkəz olunmur, başqalarının enerjisini də ötürmək lazımdır. Bu istiqamətdə əsas olan Mərkəzi Asiya dəhlizidir: Qazaxıstan və Özbəkistanla saziş imzalanıb, operatorlar birgə müəssisə qurub. Naxçıvan və Türkiyə marşrutu da eyni məntiqi daşıyır, çünki oradan həm Naxçıvanın 1 QVt-lıq ixracı, həm də Xəzər və Mərkəzi Asiya enerjisinin ötürülməsi nəzərdə tutulur. Tranzit isə təkcə xətt deyil: elektrik bazarı və şəffaf keçid qaydaları olmasa, başqa ölkə öz enerjisini sənin şəbəkənə etibar etmir. Xətt çəkmək pul məsələsidir, bazar qurmaq isə daha uzun çəkir və bu barədə ən az danışılır.

-Əldə etdiyiniz bilik və təcrübəni Azərbaycanda tətbiq etməyi düşünürsünüzmü?

-Təhsilimi bitirdikdən sonra əldə etdiyim bilik və təcrübəni Azərbaycanda tətbiq etməyi düşünürəm və bunu əslində dissertasiya mövzumu seçərkən nəzərə almışam. Araşdırmamın strukturu Azərbaycana geri dönüb enerji keçidi prosesinə real töhfə vermək məqsədilə qurulub. Dissertasiyamda OSeMOSYS çərçivəsində Azərbaycanın elektrik sistemi üçün 2022–2070 dövrünü əhatə edən, texnologiya səviyyəsində ayrılmış 6 ssenaridən ibarət least-cost optimizasiya modeli qurmuşam və əsas sualı belə qoymuşam: Azərbaycanın enerji keçidini əslində hansı hazırlıq şərti məhdudlaşdırır, siyasi, maliyyə, yoxsa tələb tərəfi? Bu sual sırf akademik maraqdan doğmayıb, ölkənin real siyasətində və uzunmüddətli planlaşdırmasında mövcud boşluğu doldurmaq üçün seçilib.

Tapıntılar mənim üçün sadəcə akademik nəticə deyil, geri qayıtdıqda hansı sahədə işləmək istədiyimin əsasını təşkil edir.

-Gələcək karyeranızı hansı istiqamətdə qurmaq istəyirsiniz?

-Gələcək karyeramı enerji siyasəti, uzunmüddətli enerji planlaşdırması və bərpa olunan enerji keçidi üzrə qurmaq istəyirəm. Dissertasiyamda qurduğum modelləşdirmə bacarığını başlanğıc nöqtəsi hesab edirəm, amma özümü sırf texniki tərəfdə deyil, enerji sektorunun idarə olunması, tənzimləmə çərçivələrinin formalaşdırılması və ölkənin enerji strategiyasının daha dayanıqlı şəkildə inkişaf etdirilməsi kimi məsələlərin kəsişməsində görürəm. Xüsusilə maraqlandığım istiqamət odur ki, enerji sektorunda qəbul edilən siyasi qərarlar real iqtisadi və texniki şərtlərlə necə uzlaşdırılır.

Karyera baxımından məqsədim Azərbaycanda enerji sektorunun modernləşməsinə, daha rəqabətli və dayanıqlı bir enerji bazasının formalaşmasına töhfə verməkdir.

-Bu sahədə təhsil almaq istəyən azərbaycanlı gənclərə hansı tövsiyələri verərdiniz?

-Bu sahədə təhsil almaq istəyən gənclərə ən vacib tövsiyəm budur ki, "bərpaolunan enerji" deyəndə yalnız günəş panelinin və ya külək turbininin necə işlədiyini öyrənmək lazım olduğunu düşünməsinlər. Texnologiya bilikləri artıq dünyada mövcuddur, Azərbaycanda çatışmayan isə hədəflə reallıq arasındakı körpüdür: icazə prosesləri, şəbəkəyə qoşulma növbəsi, tenderlərin sürəti kimi institusional detalları başa düşən mütəxəssislər. Bu mövzular cazibədar görünmür, amma məhz burada qərarlar verilir.

Ona görə gənclərə tövsiyəm odur ki, yalnız enerji mühəndisliyinə yox, enerji sisteminin institusional iqtisadiyyatına baxsınlar: tənzimləmə, layihə maliyyələşdirilməsi, şəbəkə planlaşdırılması kimi sahələrə. Bu sahələrdə Azərbaycanda işləyən adam sayı çox azdır, amma real ehtiyac məhz buradadır.

İkinci tövsiyəm odur ki, xaricdə oxuyarkən mövzunu geniş, ölkəsiz bir çərçivədə saxlamasınlar. "Enerji keçidi" kimi ümumi başlıqlar altında yazılan işlər geri qayıdanda heç bir quruma təqdim oluna bilmir. Mövzunu Azərbaycanın öz məlumatına, qanunvericiliyinə və real problemlərinə bağlasalar, təhsil bitəndə əllərində sertifikat yox, ölkənin istifadə edə biləcəyi konkret bir iş olur.

- “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-cı illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil almaq sizin üçün hansı imkanlar yaradıb?

-Dövlət Proqramı mənə iki şeyi eyni anda verib: maliyyə yükü olmadan xaricdə ixtisaslaşmış bir sahədə təhsil almaq imkanı və bunun qarşılığında yaranan bir öhdəlik. Birincisi olmasaydı, sənayedə işləyərkən gördüyüm boşluğu, enerji qərarlarının kəmiyyət əsasında qurulmaması problemini, formal bir bacarığa çevirmək üçün ya işimi saxlayıb özüm maliyyələşdirməli olardım, ya da bu fikirlə kifayətlənib eyni sahədə qalmalı idim.

Nəticədə bu təhsil mənə yalnız bilik yox, məsuliyyət də verib: öyrəndiklərimi Azərbaycanda real dəyərə çevirmək öhdəliyi. Bu çərçivə karyera planlamamı daha məqsədyönlü edib, ölkənin enerji sektorunda konkret boşluğu doldurmaq üçün hazırlıq imkanına çevirib.