Səadət Yusifova: Azərbaycan-BƏƏ münasibətlərinin inkişafında mədəniyyətin özünəməxsus yeri var

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin inkişafında mədəniyyətin özünəməxsus yeri var.

"Report"un məlumatına görə, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bakıdakı səfirliyinin Mədəniyyət Nazirliyi ilə əməkdaşlığı çərçivəsində "BƏƏ və Azərbaycan muzeyləri zəngin keçmiş və perspektivli gələcək haqqında hekayəni əks etdirir" adlı tədbirdə deyib.

Nazir müavini bildirib ki, mədəniyyət xalqları bir-birinə yaxınlaşdıran, tarix və ənənələr haqqında qarşılıqlı təsəvvür yaradan, müxtəlif cəmiyyətlər arasında anlaşmanı gücləndirən universal bir dildir:

"Azərbaycan üçün beynəlxalq təcrübənin öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və BƏƏ muzeyləri arasında əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin mədəni irsinin daha geniş auditoriyalara təqdim olunmasına imkan verə bilər".

S.Yusifova həmçinin qeyd edib ki, iki ölkə arasında mədəni turizm marşrutlarının və birgə təşəbbüslərin inkişaf etdirilməsi xalqların bir-birinin mədəni irsi ilə daha yaxından tanış olmalarına şərait yarada bilər.