Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Xalq artisti Samir Cəfərovun 50 illik yubileyinə həsr olunmuş “Koroğlu” operası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tamaşanı Əməkdar artist Əyyub Quliyev idarə edib.
Koroğlu (Rövşən) obrazını yubilyar, Xalq artisti Samir Cəfərov canlandırıb. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamları SSRİ Xalq rəssamı Tahir Salahov və Əməkdar mədəniyyət işçisi Tehran Babayev, quruluşçu baletmeysteri SSRİ Xalq artisti Qəmər Almaszadə, xormeysteri isə Əməkdar incəsənət xadimi Sevil Hacıyeva olub.
“Koroğlu” operasında Nigar obrazını Fatimə Cəfərzadə, Həsən xan obrazını isə Taleh Yahyayev ilk dəfə ifa ediblər.
Tamaşada, həmçinin Xalq artistləri Əkrəm Poladov, Nazim Mahmudov, Gülyaz Məmmədova, Əməkdar artistlər Fəhmin Əhmədli, Tural Ağasıyev, Əliəhməd İbrahimov və digərləri iştirak ediblər.
Qeyd edək ki, Üzeyir Hacıbəylinin “Koroğlu” operası Azərbaycan opera sənətinin ən möhtəşəm əsərlərindən biri hesab olunur. Əsərdə milli musiqi ənənələri, xalq qəhrəmanlığı və azadlıq ideyaları özünəməxsus musiqi dili ilə ifadə edilir.
50 yaşını qeyd edən Xalq artisti Samir Cəfərov uzun illərdir Azərbaycan opera və vokal sənətinin inkişafına töhfə verən sənətkarlardandır. Onun repertuarında Azərbaycan və dünya klassik musiqisinin müxtəlif janr və üslublarını əhatə edən əsərlər mühüm yer tutur.