Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri də əvvəlki illərdə olduğu kimi, “TEXNOFEST” festivalının qalibləri arasında olmağı hədəfləyirlər.
Bu barədə BANM-in İnnovasiya və Tədqiqat Mərkəzinin sədri və innovativ layihələr, startaplar üzərində işləyən tələbə komandalarının elmi rəhbəri Emiliya Əhmədova AZƏRTAC-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, səkkiz ay ərzində BANM komandaları ümumilikdə 36 layihə hazırlayıb və bu layihələr sentyabrın 30-da Türkiyənin Şanlıurfa şəhərində açılan “TEXNOFEST - Cənub-Şərq” festivalında müxtəlif müsabiqə kateqoriyalarına daxil edilib.
“Festivalın final mərhələsindən əvvəl Ankarada üç, Diyarbəkirdə isə bir layihə təqdim olunub. Qalan 32 layihə isə növbəti beş gün ərzində Şanlıurfada təqdim olunacaq", - deyə o qeyd edib.
E. Əhmədova xatırladıb ki, ötən il BANM komandalarından biri “TEXNOFEST” yarışmasında maliyyə texnologiyaları üzrə ikinci yeri tutub, digəri isə “Smart Transport” kateqoriyasında üçüncü pillədə olub.