“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Mədəni-humanitar əməkdaşlığın inkişaf etdirilməsi və türk xalqlarının ümumi irsinin təbliği çərçivəsində Xoca Əhməd Yəsəvinin mənəvi irsinin öyrənilməsi, qorunması və geniş təbliğinə yönəlmiş layihə həyata keçirilir. Bu layihə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin böyük mütəfəkkirin irsinin həm Qazaxıstanda, həm də onun hüdudlarından kənarda təbliği ilə bağlı tapşırıqlarının icrası istiqamətində aparılan sistemli işin davamıdır.

Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində “Həzrəti-Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun direktoru Erlan Dakenov deyib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi geniş ictimaiyyəti böyük mütəfəkkirin təlimi ilə tanış etmək, onun türk xalqları üçün əhəmiyyətini vurğulamaq, həmçinin onların tarixi və mənəvi dəyərlərinin ümumiliyini nümayiş etdirməkdir.

“Muzey ekspozisiyasında Türk dünyasının ümumi mənəvi sərvəti olan Xoca Əhməd Yəsəvinin poetik əsərləri xüsusi yer tutur. Mütəfəkkir əsərlərini türk dilində yaratdığı üçün onun poeziyası bu gün də müxtəlif türk xalqlarının nümayəndələrinə yaxındır və bir çox cəhətdən onlar üçün anlaşıqlıdır”, – deyə muzey-qoruğunun direktoru qeyd edib.

O vurğulayıb ki, ekspozisiyada Xoca Əhməd Yəsəvinin poetik əsərləri və kitabları ilə yanaşı, böyük mütəfəkkirin məqbərəsinin tarixinin müxtəlif mərhələlərini izləməyə imkan verən XII–XIV əsrlərə aid tikinti və üzlük materialları da təqdim olunur.

“İlk məqbərə Xoca Əhməd Yəsəvinin XII əsrdə vəfatından qısa müddət sonra inşa edilib, daha iri həcmli ikinci tikilinin inşası isə XIV əsrə, Əmir Teymurun hakimiyyəti dövrünə təsadüf edir. Bu tarixi tikililərin memarlıq xüsusiyyətlərini nümayiş etdirmək üçün Bakıya tikinti və üzlük materiallarının nümunələrini gətirmişik, həmçinin Xoca Əhməd Yəsəvinin məqbərəsinin qapılarının rekonstruksiyasını təqdim etmişik”, – deyə E.Dakenov bildirib.

Həmsöhbətimizin sözlərinə görə, sərginin əsas ideyası məqbərənin memarlıq görünüşü ilə Xoca Əhməd Yəsəvinin mənəvi təlimi arasındakı sıx əlaqəni üzə çıxarmaqdır. Fasadlardakı yazılar, tikilinin planlaşdırma xüsusiyyətləri və bədii tərtibatı böyük mütəfəkkirin fəlsəfi və dini ideyalarını əks etdirir.

“Biz göstərməyə çalışırıq ki, Xoca Əhməd Yəsəvinin məqbərəsi yalnız orta əsrə aid nadir memarlıq abidəsi deyil, həm də onun zəngin mənəvi irsinin təcəssümüdür. Tikilinin memarlıq kompozisiyasından epiqrafik yazılara qədər hər bir elementi mütəfəkkirin təliminin əhəmiyyətini və onun Türk dünyasının mədəni ənənələrinə təsirini daha dərindən anlamağa imkan verir”, – deyə muzey-qoruğunun direktoru fikrini yekunlaşdırıb.