Bu il Azərbaycanın musiqi mədəniyyətinin inkişafında mühüm xidmətləri olan, milli musiqi irsinin qorunması və təbliğində özünəməxsus yer tutan Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 95 ili tamam olur. Yubiley münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Beynəlxalq Muğam Mərkəzində kollektivin təntənəli konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, konsertə dirijor, Prezident mükafatçısı Mustafa Aşurov rəhbərlik edib.
İnstrumental konsertdə Əməkdar artistlər Fəridə Məlikova, Toğrul Əsədullayev, Respublika və beynəlxalq müsabiqələr laureatları - Aysu Sadıqova (qanun), Vidadi Paşayev (kamança), Ülfət Həsənli (tar), Abid Çələbi (kamança), Xəyyam Quliyev (ud), Səməd Babayev (tar), Minayə Heydərova (kamança), Şaiq Əsədov (balaban), Məmməd İbrahimov (kamança) və Ülvi Tahirov (tar) çıxış ediblər.
Proqram dahi bəstəkar Üzeyir Hacıbəylinin “I Fantaziya” əsəri ilə başlayıb. Konsertin davamında Cahangir Cahangirov, Tofiq Quliyev, Ramiz Mirişli, Oktay Kazımi, Vasif Adıgözəlov, Qəmbər Hüseynli və Adil Gəray kimi ustad bəstəkarların ölməz əsərləri səsləndirilib.