Pekində “Qarşılıqlı öyrənmə, dostluq, qarşılıqlı fayda: Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının yeni mərhələsi” devizini 2-ci Çin beynəlxalq azərbaycanşünaslıq beynəlxalq elmi konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, Pekin Xarici Dillər Universiteti (PXDU) Asiya fakültəsinin təşkilatçılığı ilə keçirilən, Çin və Azərbaycandan 40-dan çox alimin iştirak etdiyi konfransın məqsədi Azərbaycan ilə Çin arasında elmi əlaqələrin inkişafına töhfə vermək, iki xalq arasında mədəni mübadiləni araşdırmaq, Çində azərbaycanşünaslıq elminin inkişafına təkan verməkdir.
Kafedranın müdiri, konfransın sədri Aqşin Əliyev böyük tarixi, zəngin mədəniyyəti olan Azərbaycanı tədqiq etməyin təkcə Çində ölkəşünaslığın inkişafına deyil, eyni zamanda Çin-Azərbaycan dostluq münasibətlərinə təkan verəcəyini, “Kəmər və yol” təşəbbüsü çərçivəsində humanitar əlaqələrin inkişafına mühüm töhfə verəcəyini deyib. Qeyd edib ki, PXDU-da Azərbaycan dili üzrə kadrların yetişdirilməsi Çində azərbaycanşünaslıq üçün möhkəm zəmin yaradıb.
Açılış mərasimində çıxış edən PXDU-nun Asiya fakültəsinin dekanı professor Su Yinqyinq iki ölkə arasında daim dərinləşən münasibətlər fonunda Çin və Azərbaycan arasında mədəni mübadilə və təhsil sahəsində əməkdaşlığın müsbət nəticələr verdiyini, 2024-cü ildə birinci konfransının Çində azərbaycanşünaslığın inkişafı üçün mühüm platforma yaratdığını bildirib. O, təmsil etdiyi universitetin Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət, Azərbaycan Dövlət İqtisad və Xəzər universitetləri, Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq etdiyini, qarşılıqlı səfərlər sayəsində yaxşı əməkdaşlıq əlaqələri qurulduğunu deyib.
Çin Mərkəzi Mincu Universitetinin ömürlük professoru, Mərkəzi Asiya Araşdırmalar İnstitutunun fəxri direktoru Hu Cenhua Azərbaycanın qədim tarixə malik, zəngin və rəngarəng mədəni xəzinəyə sahib bir ölkə olduğunu, onun tarixi, dili, yazısı, ədəbiyyatı, musiqisi, folkloru, ictimai inkişafı və digər sahələrdə elmi tədqiqatların azərbaycanşünaslığın tədqiqat mövzularını təşkil etdiyini deyib.
Hıbey Pedaqoji Universitetinin sabiq partiya katibi, Çin Tarixşünaslıq Assosiasiyasının sədr müavini professor Day Cienbin hələ XII əsrdə Azərbaycanın böyük ədibi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında Çindən olan şahzadə obrazını canlandırdığını vurğulayıb, son illər dünyada vəziyyətin kəskin şəkildə dəyişdiyi dövrdə Çinlə Azərbaycan arasındakı münasibətlər getdikcə sıxlaşdığını deyib.
Sonra Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqat İnstitutunun Çoxtərəfli və Regional Əməkdaşlıq şöbəsinin müdiri professor Li Yonqhuyun “Kəmər və Yol” təşəbbüsü çərçivəsində Çin və Azərbaycanın Orta Dəhlizin formalaşdırılmasında rolu”, Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri akademik Hamlet İsaxanlının “Azərbaycan bədii ədəbiyyatında Çin obrazları”, Çin Dövlət Şurasının İnkişaf Mərkəzinin Avrasiya Cəmiyyətinin İnkişaf Tədqiqat İnstitutunun elmi işçisi, Mərkəzi Asiya Araşdırmaları şöbəsinin müdiri professor Sü Taonun “Mərkəzi Asiya+Azərbaycan mexanizminin yaradılmasının regional təsiri” mövzularında əsas məruzələri dinlənilib.
Çinin elmi qurumlarının və ali təhsil ocaqlarının alim və tədqiqatçılarının, tələbələrin, Çində təhsil alan azərbaycanlı tələbələrin iştirak etdikləri konfransın “Dilçilik, ədəbiyyat və tərcüməçilik”, “Regionşünaslıq”, “Kəmər və Yol” təşəbbüsü çərçivəsində sivilizasiyalararası qarşılıqlı öyrənmə və iqtisadi-ticari əməkdaşlıq” mövzularında bölmə iclaslarında ümumilikdə 30-a yaxın məruzələri dinləniləcək, suallar cavablandırılacaq.