Təhsil idarəçiliyi sahəsində tədqiqatlar aparan, təhsilin idarə olunması üzrə fəlsəfə doktoru, Türkiyənin Qazi Universitetinin tədqiqatçısı Şəhla Aslanın “Eğitim yönetiminde insan ve ilişkiler” (“Təhsilin idarə edilməsində insan və münasibətlər”) adlı yeni elmi əsəri çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, kitab təhsilin idarə edilməsinə yalnız inzibati struktur, qayda və mexanizmlər prizmasından deyil, həm də insan amili və insanlararası münasibətlər kontekstindən yanaşması ilə diqqət çəkir.
Müəllif əsərdə təhsil mühitinin formalaşmasında rəhbər və əməkdaşlar arasındakı münasibətlərin, müəllimlərin peşəkar əməkdaşlığının və birgə öyrənmə prosesinin əhəmiyyətini elmi-nəzəri baxımdan araşdırır.
Nəşrin elmi əsasını müəllifin Qazi Universitetinin Təhsil Elmləri İnstitutunda təhsil idarəçiliyi ixtisası üzrə müdafiə etdiyi doktorluq dissertasiyası təşkil edir. Əsərdə liderlik, rəhbər və əməkdaşlar arasında qarşılıqlı əlaqə, sosial münasibətlər, müəllimin rifahı və peşəkar öyrənmə birlikləri əsas anlayışlar kimi ön plana çıxır. Müəllif bu anlayışları ayrı-ayrılıqda deyil, təhsil mühitini formalaşdıran qarşılıqlı əlaqəli proseslər kimi nəzərdən keçirir.
Müəllifin yanaşmasına görə, təhsil mühitinin keyfiyyətini yalnız proqramlar, qaydalar, strukturlar və resurslar müəyyənləşdirmir. Bu keyfiyyətə əhəmiyyətli dərəcədə təsir göstərən əsas amillərdən biri insandır. İnsanlar arasında qurulan münasibətlər, qarşılıqlı etimad, peşəkar təcrübənin bölüşülməsi və birgə öyrənmə bacarığı təhsil mühitinin inkişafında mühüm rol oynayır.
Şəhla Aslanın yeni kitabı təhsil müəssisələrinə yalnız idarə olunan təşkilatlar kimi deyil, insanların qarşılıqlı münasibətlər qurduğu, təcrübələrini bölüşdüyü və birlikdə inkişaf etdiyi sosial mühitlər kimi yanaşması ilə seçilir.
Kitab, xüsusilə təhsil idarəçiliyi, liderlik və müəllimlərin peşəkar inkişafı sahələrində çalışan mütəxəssislər, təhsil idarəçiləri, müəllimlər və tədqiqatçılar üçün faydalı elmi mənbə kimi dəyərləndirilə bilər.
Qeyd edək ki, bu, Şəhla Aslanın sayca beşinci kitabıdır.