Orxan Fikrətoğlu: Azərbaycan ədəbiyyatının dünyada təbliği istiqamətində işlər davam etdirilir

Biz Azərbaycan ədəbiyyatını öz tarixi və milli kökləri əsasında dəyərləndirməliyik. Qədim yazılı abidələrimizdə, daş kitabələrdə və dastanlarımızda əks olunan milli təfəkkürü, yaddaşı və dünyagörüşünü əsas meyar kimi önə çıxarmalıyıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu nazirliyin təşkilatçılığı ilə keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisinə həsr olunmuş mətbuat konfransında səsləndirib.

O bildirib ki, Azərbaycan ədəbiyyatının dünyada təbliği istiqamətində fəal iş aparılır və bu proses davam etdiriləcək: "Eyni zamanda, tərcümələr vasitəsilə dünya ədəbiyyatında baş verən prosesləri ölkəmizə gətirməli, bu sahədə fəaliyyətimizi daha da intensivləşdirməliyik. Lakin prioritet məsələlərdən biri müəlliflərimizin və ədəbi nümunələrimizin hansı milli-mənəvi qaynaqdan qidalanmasıdır".

Orxan Fikrətoğlu ədəbiyyat sənayesinin formalaşdırılmasının əhəmiyyətinə də toxunub: "Əsas vəzifəmiz ədəbiyyat sənayesini qurmaq, mövcud ədəbi irsimizi beynəlxalq aləmə tanıtmaq və dünya ədəbiyyatındakı yenilikləri Azərbaycana qazandırmaqdır. Bununla yanaşı, yazıçıları, nəşriyyatları və kitab bazarının digər iştirakçılarını beynəlxalq hüquq normalarına uyğunlaşdırmalıyıq”.