Özbəkistanın Xarəzm vilayətinin qədim Xivə şəhərində yerləşən “Arda Xiva” kompleksində “Gilamlar jilosi” II Beynəlxalq xalça sərgi-festivalı keçirilib.
Bu barədə AZƏTAC-a Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Tədbirdə çıxış edən Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Akif Marifli Azərbaycan ilə Özbəkistan arasındakı əbədi dostluq və strateji tərəfdaşlıq münasibətlərindən bəhs edərək, bu əlaqələrin inkişafında mədəni-hümanitar əməkdaşlığın rolunu xüsusi vurğulayıb. O, xalçaçılıq sənətinin xalqlarımızın mədəni irsində mühüm yer tutduğunu qeyd edərək, minilliklərdən süzülüb gələn bu irsin gələcək nəsillərə ötürülməsində belə tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb. O, 2026-cı ildə görkəmli xalçaçı-rəssam və sənətşünas alim Lətif Kərimovun 120 illik yubileyinin qeyd olunduğunu vurğulayaraq, sənətkarın Azərbaycan xalçaçılığının inkişafına verdiyi töhfələrdən və irsinin türk xalqlarının xalça sənətindəki əhəmiyyətindən bəhs edib.
Təqdimat mərasimində Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Qarabağ, Şirvan, Gəncə, Qazax, İrəvan, Dərbənd, Təbriz və Quba xalçaçılıq məktəblərinə məxsus nümunələrin yer aldığı “Lətif Kərimov – Azərbaycan xalça sənətinin böyük ustadı” adlı sərgi açılıb. Sərgi çərçivəsində Lətif Kərimovun yaradıcılığı və Azərbaycan xalça irsinin xüsusiyyətləri barədə ziyarətçilərə məlumat verilib, nümunələr yerli sakinlər və şəhərin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin əsas məqsədi minillik xalçaçılıq ənənələrini qorumaq, yaşatmaq və milli naxışların rəmzi mənalarını müasir dizaynla vəhdətdə geniş ictimaiyyətə təqdim etməkdir.
Festivalda Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, İran, Tacikistan və Əfqanıstandan olan sənətkarlar və sahə mütəxəssisləri iştirak edib, öz xalça nümunələrini nümayiş etdiriblər.