Oktyabrın 30-dan noyabrın 1-dək Bakı növbəti dəfə müasir incəsənətin, innovativ yanaşmaların və ekoloji düşüncənin görüş məkanına çevriləcək. Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalı üç gün boyunca paytaxtın müxtəlif məkanlarını fərqli nəsil və coğrafiyalardan olan sənətçilərin yaradıcılıq müstəvisində birləşdirəcək. Sərgi proqramı mədəni irs, təbiət, biomüxtəliflik və gələcəyimiz qarşısında cavabdehlik kimi vacib mövzuları incəsənətin dili ilə yenidən sorğulamağa dəvət edir.
Bu möhtəşəm festivalın ən diqqətçəkən layihələrindən biri Heydər Əliyev Mərkəzinin birinci mərtəbəsində təqdim olunacaq “Təbiət danışanda - Varislər” immersiv sərgisidir. Qafqazın “Böyük Beşliyi”ndən ilhamlanan və beş hissədən ibarət olan bu ekspozisiya müasir sənət, memarlıq, interaktiv səs və performansı qovuşduraraq insanla təbiət arasındakı dərin bağları yenidən kəşf edir. Leyla Əliyevanın canlılar aləminə həssaslıq, empatiya və mərhəmət hissi aşılayan əsərlərinin xüsusi yer aldığı bu layihə yerli sənət imkanlarını da genişləndirir. Sərgi çərçivəsində sənətsevərlərin ixtiyarına veriləcək təsirli ekspozisiyalardan biri də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) baş müəllimi, rəssam Mir Azər Abdullayevin fırçasına məxsusdur.
Təəssüratlarını AZƏRTAC-a bölüşən rəssam Mir Azər Abdullayev bu fərqli sənət bayramının mahiyyəti, təbiət və insan dialoqunun yaradıcılıqdakı təzahürü ilə bağlı sualları cavablandırıb.
– “Təbiət danışanda — Varislər” layihəsi üçün təqdim etdiyiniz əsərin əsas ideyası necə formalaşıb? Bu ideyanın yaranmasında “Qafqazın Böyük Beşliyi” hansı rolu oynayıb?
– Əslində, hər bir şeyə yenidən baxmaq konsepsiyası həyatımızın əsas amillərindən biridir. Məhz bu düşüncədən yola çıxaraq təxəyyülümdə 5 rəngkarlıq əsərindən ibarət “Look again” pentaptix layihəsi formalaşdı.
“Look again” – yəni təbiətə, canlılar aləminə tam fərqli bir bucaqdan yenidən baxmaq, ətrafımızda hər gün gördüyümüz adi məqamların arxasındakı gizli möcüzələri kəşf etmək deməkdir. Bu ideyanın ərsəyə gəlməsində “Qafqazın Böyük Beşliyi” müstəsna rol oynadı. Çünki bu konsept ideyanın bünövrəsini təşkil edərək ümumi kompozisiyanın daha bütöv və dolğun ifadə olunmasına zəmin yaratdı.
– Layihədə incəsənət, texnologiya, səs və performans kimi müxtəlif ifadə vasitələri bir araya gətirilib. Bu fərqli elementləri vahid bir konsepsiyada birləşdirməkdə əsas məqsədiniz nədir?
– Müxtəlif ifadə vasitələrinin sintezi və vəhdəti əsas ideyanı vizual baxımdan daha bütöv və təsirli çatdırmağa imkan verir. Konkret öz əsərimə gəlincə, burada illüziya yaratmaqla beş müxtəlif xarakter və beş fərqli baxış bucağını nümayiş etdirirəm. Məqsədim insanları bir daha düşünməyə, diqqətlərini və üzlərini yenidən Ana təbiətə çevirməyə səsləməkdir.
– Sərginin əsas mövzuları sırasında insan və təbiət münasibətləri, biomüxtəlifliyin qorunması və gələcək nəsillər qarşısında məsuliyyət dayanır. Bu vacib mesajları tamaşaçıya hansı formada çatdırmağı hədəfləyirsiniz?
– Qeyd etdiyim kimi, təqdim etdiyim rəngkarlıq əsərində əsasən müəyyən bir illüziya yaratmışam. Bununla tamaşaçının baxış bucağını fərqli bir görüntüyə yönləndirirəm. Məhz bu illüziya vasitəsilə sanki bir mexaniki tapmaca qururam: bir baxış – bir görüntü, ikinci baxış isə tamam başqa bir görüntü kəşf etdirir.
– Layihədə təbiətə empatiya və həssas münasibət xüsusi yer tutur. Bu yanaşma sərginin konsepsiyasında və təqdimatında özünü necə göstərir?
– Yalnız təbiətlə emosional bağ, empatiya və həssas münasibət quraraq bu mövzunun mahiyyətini qəlbən hiss edə bilərik. Layihədə iştirak edən hər bir rəssam və heykəltaraş öz fərqli baxış bucağı ilə sərginin ümumi konsepsiyasını tamamlayır. Çünki iştirakçıların heç biri bu qlobal mövzuya biganə qalmır və öz növbəsində cəmiyyəti düşündürən bu mühüm suala fərdi yaradıcılıq dili ilə, bir rəssam cavabı verir.
– “Varislər” adı özündə gələcək nəsillərə ünvanlanan mühüm mesajı da daşıyır. Sizcə, tamaşaçı sərgidən ayrılarkən özü ilə hansı əsas düşüncə və ya hissi aparmalıdır?
– Fikrimcə, sərgidən ayrılan hər bir izləyici özünə bir daha bu sualı verməlidir: “Mən kiməm?” Axı mən özüm də təbiətin bir parçasıyam. “Təbiət mənəm, mən isə təbiət” ifadəsi insanla təbiətin ayrılmaz vəhdətini, onların bir-birini tamamlayan vahid bir bütöv olduğunu göstərən dərin fəlsəfi düşüncədir. Həyatın özü də yaradıcılıqdakı bu illüziya kimi gəldi-gedərdir, heç nə göründüyü kimi bəsit deyil. Gəlin hər gün qarşılaşdığımız dünyaya tamamilə başqa pəncərələrdən, yeni gözlə nəzər salaq.