Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı ilə oktyabrın 30-dan noyabrın 1-dək keçiriləcək “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalı çərçivəsində “Təbiət danışanda - Varislər” immersiv sərgisi təqdim olunacaq. Sərgidə “Bizimlə gələcək arasında” əsəri ilə iştirak edən rəssam Günay Bəylərova layihənin bədii konsepsiyası barədə AZƏRTAC-ın suallarını cavablandırıb.
– “Bizimlə gələcək arasında” əsərinin bədii konsepsiyası necə formalaşdı? Qafqazın “Böyük Beşliyi” bu ideyanın yaranmasına necə təsir göstərdi?
– Əsərin ideyası insanın təbiət qarşısındakı məsuliyyəti və təbii irsin gələcək nəsillərə ötürülməsinin vacibliyi düşüncəsindən yaranıb. Mənim üçün burada əsas məsələ insanın təbiətlə münasibətinə və bu münasibətin gələcəyə təsirinə diqqət çəkməkdir. Kompozisiyada qartalın qanadı təbii irsi, insan fiquru isə bu gün etdiyimiz seçimlərin məsuliyyətini simvolizə edir. Bu iki obrazı bir araya gətirməklə insanın təbiətdən ayrı olmadığını, əksinə, onunla daim qarşılıqlı əlaqədə yaşadığını ifadə etməyə çalışmışam. Əsərin əsas ideyası da məhz bu bağlılığı və təbii irsin qorunmasında insanın üzərinə düşən məsuliyyəti göstərməkdir.
– İncəsənət, texnologiya, səs və performansın vahid layihədə birləşdirilməsi iddeyanın çatdırılması baxımından hansı əhəmiyyəti kəsb edir?
– Əsas məqsəd insan və təbiət arasındakı əlaqəni tamaşaçıya həm vizual, həm də emosional baxımdan hiss etdirməkdir. Düşünürəm ki, incəsənətin müxtəlif ifadə vasitələrinin bir araya gətirilməsi mövzunun daha geniş və fərqli aspektlərdən təqdim olunmasına imkan yaradır. Belə yanaşma tamaşaçının yalnız əsərə baxması ilə məhdudlaşmır, eyni zamanda, onun mövzu ilə emosional bağ qurmasına şərait yaradır. Mənim üçün vacib olan tamaşaçının bu əlaqəni daha dərindən duyması, təbiətin həyatımızdakı yerini və onun qorunmasında şəxsi məsuliyyətini bir daha düşünməsidir.
- İnsan və təbiət arasındakı bağlılıq, eləcə də gələcəyə cavabdehlik mövzusu əsərinizin bədii dilində və ideyasında necə təcəssüm olunur?
– Əsərimdə qartalın qanadını kətanın sərhədlərindən kənara çıxarmaqla təbiətin insanın yaratdığı çərçivələrə sığmadığını vurğulamağa çalışmışam. Bu, mənim üçün yalnız bədii ifadə vasitəsi deyil, həm də müəyyən rəmzi məna daşıyır. Təbiət öz qanunları və zənginliyi ilə insanın müəyyənləşdirdiyi sərhədlərdən daha geniş anlayışdır. Biz onun bir hissəsiyik və etdiyimiz hər bir seçimin ətraf mühitə müəyyən təsiri var. Bu baxımdan əsər vasitəsilə tamaşaçını bugünkü qərarlarımızın və davranışlarımızın gələcəkdə hansı nəticələrə səbəb ola biləcəyi barədə düşünməyə dəvət edirəm. İstəyirəm ki, əsərə baxan insan təbiətin qorunmasını yalnız ümumi bir məsələ kimi deyil, həm də özünün şəxsi məsuliyyəti kimi qəbul etsin.
– Layihənin konsepsiyasında təbiətə empatiya, mərhəmət və həssas münasibət xüsusi əhəmiyyət kəsb edir. Bu yanaşma sizin əsərinizdə necə əks olunub?
– İnsan fiquru ilə qartal qanadı arasındakı münasibət vasitəsilə təbiəti qorumaqla ona zərər vurmaq arasındakı zərif tarazlığı göstərməyə çalışmışam. Mənim üçün insan və təbiət bir-birindən ayrılmaz bütövdür. İnsan təbiətin resurslarından faydalanmaqla yanaşı, onun mühafizəsinə də məsuliyyətlə yanaşmalıdır. Düşünürəm ki, təbiətə duyulan empatiya və həssaslıq, ilk növbədə, onun dəyərini anlamaqdan başlayır. Əsərimdə də bu düşüncəni ön plana çıxarmağa, insanın təbiətlə münasibətində diqqət və qayğının nə qədər həyati vacib olduğunu göstərməyə çalışmışam. Əsas məqsədim insan və təbiət arasındakı qırılmaz bağlılığı, eləcə də bu münasibətin həssaslığını bədii dillə ifadə etməkdir.
– “Varislər” adı özlüyündə gələcəyə bir çağırışdır. Sizcə, bu sərgidən ayrılan tamaşaçının qəlbində və təfəkküründə hansı iz, hansı əsas düşüncə qalmalıdır?
– İstəyirəm ki, tamaşaçı sərgidən ayrılarkən təbiəti qorumağın gələcək nəsillər qarşısında hər birimizin məsuliyyəti olduğunu anlasın. Çünki gələcək bu gün etdiyimiz seçimlərdən asılıdır. Bizə miras qalan təbii sərvətləri, biomüxtəlifliyi və ətraf mühiti qoruyaraq gələcək nəsillərə ötürmək olduqca vacibdir. Düşünürəm ki, hər bir insan öz davranışları və gündəlik seçimləri ilə bu prosesə müəyyən töhfə verə bilər. Mənim üçün əsas olan tamaşaçının sərgidən yalnız estetik təəssüratlarla deyil, həm də təbiətlə münasibətinə yenidən nəzər salmaq düşüncəsi ilə ayrılmasıdır. İstərdim ki, əsər insanlara gələcəyin yalnız sabah baş verəcəklərdən ibarət olmadığını, onun məhz bu gün atdığımız addımlarla formalaşdığını xatırlatsın.