Röya Həsən: “Hər tikişdə bir insan hekayəsi, hər naxışda təbiətin izi var- MÜSAHİBƏ

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalı incəsənət vasitəsilə təbiətin səsini duymağa çağırır

Bakı, 21 oktyabr, AZƏRTAC

Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı ilə oktyabrın 30-dan noyabrın 1-dək keçiriləcək “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalı çərçivəsində “Təbiət danışanda - Varislər” immersiv sərgisi təqdim olunacaq. Festivalda “İncə sərhəd” adlı instalyasiyası ilə iştirak edən rəssam, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimi Röya Həsən əsərinin yaranma ideyası, bədii xüsusiyyətləri, insanla təbiət arasındakı münasibətlər və gələcək nəsillərə ötürmək istədiyi mesajlar barədə AZƏRTAC-ın suallarını cavablandırıb.

– “İncə sərhəd” instalyasiyasını yaratmağa sizi nə ilhamlandırdı? “Qafqazın Böyük Beşliyi” bu əsərin ideyasına necə təsir göstərdi?

– Bu layihə üzərində işləyərkən mənim üçün əsas məqsəd sadəcə təbiət haqqında danışmaq deyil, insanlara onun səsini eşitdirmək idi. Biz hər gün təbiətlə təmasdayıq, lakin çox vaxt onun nə qədər həssas və kövrək olduğunu, eləcə də onu itirmək təhlükəsi ilə üzləşə biləcəyimizi düşünmürük.

“Qafqazın Böyük Beşliyi” bu ideyanın formalaşmasında mühüm rol oynadı. Bu heyvanlar təbiətimizin gözəlliyini və zənginliyini əks etdirməklə yanaşı, onun qorunmağa nə qədər ehtiyac duyduğunu da xatırladır. İstədim ki, incəsənət vasitəsilə insanla təbiət arasında emosional bağ yaradım, tamaşaçını ətraf mühitə münasibəti və şəxsi məsuliyyəti barədə düşünməyə sövq edim.

 

– Yaradıcılığınızda müxtəlif materiallardan və bədii ifadə vasitələrindən istifadə edirsiniz. Bu yanaşma əsərinizin əsas ideyasını çatdırmaq baxımından hansı əhəmiyyəti daşıyır?

– Mənim üçün incəsənət yalnız boya və kətan üzərində əsər yaratmaqla məhdudlaşmır. Düşüncələrimi müxtəlif materiallar və bədii ifadə vasitələri ilə çatdırmağı sevirəm. Parça, tikiş, qurama, kollaj, eləcə də istifadə olunmuş və yararsız hesab edilən materiallar yaradıcılığımda xüsusi yer tutur. İnanıram ki, hər bir materialın öz hekayəsi var və mən həmin hekayəni yeni formada davam etdirməyə çalışıram.

Bu layihədə də əsas istəyim tamaşaçının əsərə sadəcə baxması deyil, onu hiss etməsi, onunla müəyyən mənəvi və emosional bağ qurmasıdır. Səs, texnologiya və performans kimi vasitələr bu təəssüratı daha da gücləndirə bilər. “İncə sərhəd” instalyasiyasında əsas məqsədim tamaşaçını düşündürmək, onda müəyyən suallar yaratmaq və təbiətə fərqli baxış bucağından yanaşmasına kömək etməkdir.

– Əsərinizdə təbiətin qorunması ilə mədəni irsin yaşadılması arasında müəyyən bağlılıq hiss olunur. Bu iki mövzunu bir araya gətirməyinizin əsas səbəbi nədir?

– Mən bu mesajları insanlara birbaşa nəsihət verməklə deyil, incəsənətin təsir gücündən istifadə etməklə çatdırmağa çalışıram. Çünki bəzən bir obraz, rəng və ya kiçik detal insanı uzun-uzadı izahlardan daha çox düşündürə bilir.

Təbiətin qorunması ilə mədəni irsin yaşadılması arasında mühüm əlaqə görürəm. Necə ki, bizə əvvəlki nəsillərdən miras qalan adət-ənənələri, sənət nümunələrini və mənəvi dəyərləri qoruyub yaşatmalıyıq, eləcə də təbiəti sağlam və zəngin şəkildə gələcək nəsillərə ötürməliyik.

İstəyirəm ki, tamaşaçı bu iki dəyər arasındakı bağlılığı hiss etsin və onların qorunmasında hər birimizin məsuliyyət daşıdığını anlasın.

– “İncə sərhəd” instalyasiyasında ceyran obrazı və müxtəlif simvolik detallar xüsusi yer tutur. Bu elementlərin hər biri hansı mənanı ifadə edir və tamaşaçıya hansı mesajı ötürür?

– “İncə sərhəd” adlı instalyasiyamın əsas obrazı ceyrandır. Ceyran mənim üçün Azərbaycanın kövrək təbiətinin, azadlığın, gözəlliyin və həyatın rəmzidir. Eyni zamanda, bu obraz təbiətin insan fəaliyyəti qarşısında nə qədər müdafiəsiz qala biləcəyini göstərir.

İnstalyasiya iki tərəfdən ibarətdir və onların hər biri fərqli məna daşıyır. Birinci tərəfdə qurama texnikası ilə yaratdığım ceyran obrazı, ikinci tərəfdə isə insan fəaliyyətinin təbiətə təsirini əks etdirən müxtəlif əşyalar və detallar yer alır. Bu iki tərəfi qarşılaşdırmaqla təbiətin gözəlliyi ilə onun üzləşdiyi təhlükələr arasındakı ziddiyyəti göstərməyə çalışmışam.

 

Əsərdə orqanza parçasından da istifadə etmişəm. Bu materialın şəffaflığı mənim üçün insanla təbiət arasındakı incə sərhədi simvolizə edir. Onun vasitəsilə təbiətin gözəlliyini və kövrəkliyini, görünənlə görünməyən, insanla təbiət, keçmişlə gələcək arasında mövcud olan həssas bağlılığı ifadə etmək istəmişəm.

Ceyran obrazını müxtəlif parça hissələrini birləşdirərək qurama texnikası ilə yaratmışam. Əsərdəki 255 əl tikişi isə xüsusi rəmzi məna daşıyır. Bu tikişlər yeddi nəsli əhatə edən 255 insanı ifadə edir. Hər bir tikiş bir insanı, insanlar arasındakı bağlılığı, nəsildən-nəslə ötürülən irsi, yaddaşı, əməyi və ənənələri simvolizə edir.

Qurama mənim üçün sadəcə müxtəlif parça hissələrini birləşdirmək üsulu deyil. Bu, keçmişlə bu gün arasında mənəvi körpü yaratmaq, bizə miras qalan əl işləri ənənəsini yaşatmaq və gələcək nəsillərə ötürmək vasitəsidir. İstifadə olunmuş parçalara yeni həyat vermək də həmin düşüncənin davamıdır. İstəyirəm ki, bu sənət ənənəsi unudulmasın, yeni nəsillər tərəfindən mənimsənilsin və yaşadılsın.

İnstalyasiyada Morze əlifbası ilə ifadə olunmuş “HEAR ME” (“Məni eşit”) və “I WANT TO LIVE” (“Mən yaşamaq istəyirəm”) mesajları da yer alır. Bu sözlərlə sanki ceyranın dilindən insanlara müraciət edirəm. İstəyirəm ki, tamaşaçı təbiətin səsini eşitsin, onun da yaşamaq və varlığını davam etdirmək haqqı olduğunu düşünsün.

Əsərdə istifadə etdiyim radiasiya işarəsi isə insan fəaliyyətinin ətraf mühit üçün yarada biləcəyi təhlükələri və gələcəyimizlə bağlı narahatlığımı ifadə edir.

Bütün bu elementləri birləşdirən əsas fikir incə sərhəd anlayışıdır. İnsanla təbiət, qorumaqla məhv etmək, keçmişlə gələcək arasında çox həssas bir sərhəd mövcuddur.

– “Varislər” sərgisi insanın təbiət və gələcək nəsillər qarşısındakı məsuliyyətinə diqqət çəkir. Sizcə, incəsənət insanların bu məsələlərə münasibətini dəyişə bilərmi və tamaşaçıların sərgidən hansı düşüncələrlə ayrılmasını istərdiniz?

– “Varislər” sözü mənim üçün ilk növbədə məsuliyyət anlayışını ifadə edir. Biz həm təbiətin, həm də bizə miras qalan zəngin mədəniyyətin varisləriyik. Əvvəlki nəsillər bizə öz ənənələrini, sənətini, biliklərini və mənəvi dəyərlərini ötürüblər. İndi isə onları qorumaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaq bizim üzərimizə düşür.

 

İnstalyasiyada istifadə etdiyim materialların böyük hissəsi əvvəllər istifadə olunmuş, artıq yararsız hesab edilən əşyalardan ibarətdir. Bununla da vacib bir məqama diqqət çəkmək istəyirəm: bəzən lazımsız hesab edərək kənara atdığımız materialları yenidən dəyərləndirmək, hətta onları sənət əsərinə çevirmək mümkündür.

Belə materiallara yeni həyat verməklə tullantıların azaldılmasına, yeni xammaldan istifadənin minimuma endirilməsinə və ətraf mühitin qorunmasına müəyyən töhfə verə bilərik. İstərdim ki, insanlar hər hansı əşyanı atmazdan əvvəl onun yenidən istifadə imkanları barədə düşünsünlər.

Ən böyük arzum isə tamaşaçının sərgidən ayrılarkən təbiətə daha həssas münasibət bəsləməsi və özünə belə bir sual verməsidir: “Mən gələcək nəsillər üçün nə edə bilərəm?”

Çünki gələcək nəsillərə yalnız xatirələr, sözlər və maddi dəyərlər deyil, həm də yaşamağa davam edən təbiət, qorunmuş mədəni irs və sağlam ətraf mühit ötürməliyik. Mənim üçün əsl varislik məhz budur.

Gallery