Natəvan Həsənova: Böyük səhnəyə gedən yol istənilən şəhərdən başlaya bilər – MÜSAHİBƏ

Azərbaycanda regionlarda musiqi təhsilinin inkişafı, gənc istedadlara dəstək göstərilməsi və milli musiqi ənənələrinin qorunması yeni nəsil musiqiçilərin yetişməsində mühüm rol oynayır. Bu prosesdə musiqi kollecləri xüsusi yer tutur. Gələcək ifaçıların peşəkarlığının, bədii zövqünün və yaradıcı dünyagörüşünün əsasları məhz bu təhsil müəssisələrində formalaşır.

Çoxillik tarixə və zəngin ənənələrə malik Sumqayıt Musiqi Kolleci hazırda ölkənin musiqi təhsili sistemində mövqeyini möhkəmləndirməyə, tələbələr üçün imkanları genişləndirməyə və onların bacarıqlarını üzə çıxarmaları üçün əlverişli mühit yaratmağa çalışır.

Sumqayıt Musiqi Kollecinin direktoru Natəvan Həsənova AZƏRTAC-ın müxbirinə müsahibəsində paytaxtdan kənarda musiqi təhsilinin inkişafı, gənc ifaçıların yetişməsində müəllimin rol, mövcud çətinliklər və istedadlı gənclərin perspektivləri barədə danışıb.

– Natəvan xanım, bölgələrdə musiqi təhsilinin inkişafı hansı zərurətdən doğur və fəaliyyətinizdə əsas diqqəti nəyə yönəldirsiniz?

– Mən qəti əminəm ki, keyfiyyətli musiqi təhsili yalnız paytaxta məxsus imtiyaz olmamalıdır. Bakıda, Sumqayıtda və ya Azərbaycanın başqa bir şəhərində doğulmasından asılı olmayaraq, hər bir uşaq layiqli peşə təhsili almaq imkanına malik olmalıdır. Bu, sadəcə qarşımızda duran vəzifə deyil, həm də ölkənin musiqi sənətinin gələcəyi qarşısında daşıdığımız məsuliyyətdir.

Keyfiyyətli təhsil almaq üçün uşağın doğma şəhərini tərk etməsi və ya hər gün paytaxta gedib-gəlməsi zəruri deyil. Sumqayıtda elə şərait yaratmalıyıq ki, gənc musiqiçilər Bakıya köçməyə ehtiyac duymadan tanınmış mütəxəssislərdən dərs alsınlar, öz bacarıqlarını inkişaf etdirə bilsinlər.

Məhz buna görə də cari tədris ilinin əvvəlindən fəaliyyətimdə əsas prioritetlərdən biri müxtəlif musiqi ixtisasları üzrə yüksəkixtisaslı müəllimləri kollecdə çalışmağa cəlb etməkdir. İfaçılıq səviyyəsi yüksək, zəngin pedaqoji təcrübəyə malik mütəxəssisləri bir araya gətirərək güclü peşəkar kollektiv formalaşdırmağa çalışıram.

Sözsüz ki, bu iş müəyyən peşəkar cəsarət və vətəndaş məsuliyyəti tələb edir. Artıq formalaşmış musiqi mühiti olan paytaxtda dərs deməklə, regiona gəlib öz bilik, təcrübə və əməyinlə həmin mühitin inkişafına töhfə vermək tamamilə fərqli məsələlərdir.

Bununla yanaşı, Sumqayıt Musiqi Kollecinin möhkəm tarixi və peşəkar təməli var. Uzun illər ərzində təhsil müəssisəmiz layiqli nüfuza malik olub, xüsusilə 1990-cı illərdən başlayaraq özünü daha parlaq şəkildə göstərib. Kollecin məzunları arasında bu gün Azərbaycan musiqi sənətini layiqincə təmsil edən çoxsaylı istedadlı ifaçılar, müəllimlər və bəstəkarlar var.

Əsas məqsədim Sumqayıt Musiqi Kollecinin yüksək peşəkar nüfuzunu bərpa etmək, ən yaxşı ənənələrini qorumaq və kollecin yenidən regionun aparıcı musiqi təhsili mərkəzlərindən birinə çevrilməsinə imkan verən şərait yaratmaqdır.

– Musiqi kollecləri istedadların üzə çıxarılmasında və gənc ifaçıların peşəkar kimi yetişməsində hansı rolu oynayır? Bu prosesdə müəllimin rolu nə dərəcədə əhəmiyyətlidir?

– Musiqi kolleci gələcək musiqiçinin həyatında çox mühüm və məsuliyyətli mərhələlərdən biridir. Məhz burada gəncin bacarıqlarını üzə çıxarmaq, onun peşəkarlıq səviyyəsini yüksəltməsinə kömək etmək mümkündür. Lakin pedaqoji yanaşma düzgün olmadıqda bunun əksi də baş verə bilər; belə ki, istedadın inkişafı ləngiyər və onun gələcəkdə peşəkar kimi formalaşmasına ciddi ziyan dəyər.

Nəzərə almaq vacibdir ki, kollecdə təhsil illəri yeniyetməlik dövrünə təsadüf edir. Bu mərhələdə təkcə musiqiçi deyil, bütövlükdə şəxsiyyət formalaşır. Gənclər həmin dövrdə daha emosional və həssas olurlar, tez-tez daxili ziddiyyətlərlə üzləşir, özlərinə inamı itirə bilirlər. Buna görə də müəllimin yalnız yüksəkixtisaslı mütəxəssis olması kifayət deyil. O, pedaqoji etikaya, psixoloji həssaslığa və hər bir tələbəyə fərdi yanaşmaq bacarığına malik olmalıdır.

Fəaliyyət göstərən ifaçı kimi müəllimin şəxsi nümunəsi də böyük əhəmiyyət daşıyır. Tələbə qarşısında yalnız peşəkar səviyyədə dərs deyən deyil, həm də səhnədə uğur qazanmış, öz üzərində işləməyə davam edən və sənətlə yaşayan bir insan gördükdə, bu, onun üçün güclü ilham mənbəyinə çevrilir.

Mənim üçün prinsipial əhəmiyyət daşıyan məsələlərdən biri kollecdə yalnız nəzəri hazırlığı olan mütəxəssislərin deyil, müasir musiqi həyatında fəal iştirak edən, zəngin ifaçılıq təcrübəsinə malik sənətkarların da çalışmasıdır. Əsl müəllim şagirdinə bilik və texniki bacarıqlardan daha çox şey aşılayır. O, tələbənin bədii zövqünü, səhnə mədəniyyətini, peşəkar intizamını və sənətə münasibətini formalaşdırır.

Beynəlxalq təcrübəyə nəzər salsaq, musiqiçilərin erkən yaşlardan peşəkar hazırlığına nə qədər ciddi diqqət yetirildiyini görərik. Vyana, Köln və Avropanın digər böyük musiqi mərkəzlərində ali musiqi təhsili müəssisələrinin nəzdində xüsusi hazırlıq proqramları fəaliyyət göstərir. Bu proqramlar istedadlı uşaqların və yeniyetmələrin ali məktəbə daxil olmamışdan əvvəl güclü peşəkar mühitdə inkişaf etmələrinə imkan yaradır.

Mən də Sumqayıt Musiqi Kollecində məhz belə bir yanaşmanı inkişaf etdirməyə çalışıram. İstəyirəm ki, tələbələrimiz güclü müəllimlərdən dərs alsınlar, müntəzəm olaraq səhnəyə çıxsınlar, qarşılarında layiqli peşəkar nümunələr görsünlər və özlərinə inansınlar.

Məncə, kollecin vəzifəsi yalnız ifaçı hazırlamaqdan ibarət deyil. Biz müstəqil düşünməyi, hiss etməyi və yaradıcılıq baxımından inkişaf etməyi bacaran əsl musiqiçi yetişdirməliyik. Məzunlarımızın təhsil müəssisəsindən necə bir mütəxəssis kimi ayrılacaqlarına görə, ilk növbədə, biz – müəllimlər məsuliyyət daşıyırıq.

– Bu gün paytaxtdan kənarda musiqi təhsili sahəsində hansı əsas çətinliklərlə qarşılaşılır? Sizcə, bu problemlərin aradan qaldırılması üçün nə etmək lazımdır?

– Gizlətməyəcəyəm ki, paytaxtdan kənarda yaşayan ailələrin maddi imkanları çox vaxt Bakı sakinlərinin imkanlarından daha məhdud olur. Təbii ki, bu, uşaqların peşəkar inkişafı üçün yaradılan şəraitə təsir göstərə bilər. Bununla belə, əminəm ki, mövcud çətinlikləri yalnız maddi məsələlərlə əlaqələndirmək düzgün deyil.

Uşaq həqiqi istedada, zəhmətkeşliyə və intizama malikdirsə, yanında güclü müəllim varsa, maddi məhdudiyyətlər artıq aradan qaldırılması mümkün olan maneəyə çevrilir. Düzgün yanaşma və keyfiyyətli pedaqoji dəstək sayəsində istedadlı uşaq hansı şəhərdə təhsil almasından asılı olmayaraq, əhəmiyyətli nəticələr əldə edə bilər.

Lakin problemin başqa, heç də az əhəmiyyət daşımayan tərəfi də var. Bəzən biz musiqi hazırlığının səviyyəsinin aşağı olması ilə deyil, uşağın ailədəki tərbiyə xüsusiyyətləri, dünyagörüşü və ümumi mədəni inkişafı ilə bağlı çətinliklərlə qarşılaşırıq.

Bütün uşaqlar kiçik yaşlarından sistemli əməyə sevginin, intizamın, sənətə marağın və intellektual inkişafa həvəsin aşılandığı mühitdə böyümürlər. Belə hallarda müəllimin vəzifəsi təkcə musiqi alətində ifa etməyi öyrətməklə bitmir. Biz tələbənin intellektual qabiliyyətlərini inkişaf etdirməli, dünyagörüşünü genişləndirməli, estetik zövqünü, məsuliyyət hissini və gələcək peşəsinə şüurlu münasibətini formalaşdırmalıyıq.

Uşağa musiqi əsərini texniki cəhətdən düzgün ifa etməyi öyrətmək kifayət deyil. Onun əsərin bədii məzmununu anlaması, müstəqil düşünməyi bacarması və daxili mədəniyyətə malik olması da vacib məsələdir. Məhz buna görə də regionlarda musiqi təhsilinin gələcək inkişafını ilk növbədə pedaqoji heyətin gücləndirilməsi, hərtərəfli yaradıcılıq mühitinin yaradılması və tələbələrin ümumi mədəni səviyyəsinin yüksəldilməsi ilə əlaqələndirirəm.

– Sumqayıt gənclərinin peşəkar musiqi təhsilinə marağını necə qiymətləndirirsiniz? Bu gün hansı istiqamətlərin inkişafına xüsusi diqqət yetirmək vacibdir və yeni nəsil musiqiçiləri nələr ruhlandıra bilər?

– Kollecimizin tələbələri ilə daha yaxından tanış olduqdan sonra ilk növbədə onların nə qədər istedadlı olmalarına və böyük yaradıcılıq potensialına malik olmalarına diqqət yetirdim.

Səhnə estetikasına hər zaman xüsusi əhəmiyyət verən bir insan kimi onların xarici görünüşünü, özlərini aparma tərzini və daxili mənəvi zənginliyini də müşahidə etdim. Mənim üçün bunlar gələcək sənətkarın obrazını formalaşdıran mühüm xüsusiyyətlərdir. Axı musiqiçi yalnız alətdə yaxşı ifa etməyi bacarmamalı, həm də davranış mədəniyyətinə, bədii zövqə malik olmalı və səhnədə özünü layiqincə təqdim etməyi bacarmalıdır.

Bununla yanaşı, gənclərin musiqiyə marağını daim dəstəkləmək və inkişaf etdirmək lazımdır. Gəncin yalnız ixtisas dərslərində iştirak etməsi kifayət deyil. O, sənət mühitində olmalı, görkəmli ifaçıları dinləməli, dünya musiqi mədəniyyətinin ən yaxşı nümunələri ilə tanış olmalıdır.

Məhz buna görə də kollecdə müxtəlif ifaçılıq istiqamətləri üzrə görkəmli musiqiçilərə həsr olunmuş tematik həftələr keçirməyi planlaşdırıram. Bu həftələr dünyaşöhrətli pianoçulara, skripkaçılara, nəfəs alətlərində ifa edən musiqiçilərə və opera müğənnilərinə həsr olunacaq.

İstəyirəm ki, tələbələrimiz kollecin foyesindən keçərkən daim gözəl musiqi dinləsinlər, böyük ifaçıların yaradıcılığı ilə tanış olsunlar, onların ifa tərzini müşahidə etsinlər və istedad, əzm, eləcə də öz işinə sədaqət sayəsində hansı zirvələrə çatmağın mümkün olduğunu anlasınlar.

Axı musiqiçinin peşəkar kimi yetişməsi yalnız ixtisas dərsləri ilə məhdudlaşmır. Bu proses dünyagörüşünün daim genişləndirilməsini, bədii zövqün inkişafını və dünya musiqi ənənələrinin dərindən mənimsənilməsini tələb edir.

Şübhəsiz ki, ölkəmizdə mədəniyyətə və milli musiqiyə göstərilən hərtərəfli dəstək də gənclərin musiqi sənətinə marağının formalaşmasına böyük təsir göstərir.

Ümummilli Lider Heydər Əliyev incəsənətin və mədəniyyətin inkişafına hər zaman xüsusi diqqət yetirib. Bu gün həmin ənənə Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə davam etdirilir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti milli musiqi irsinin qorunmasında və beynəlxalq səviyyədə təbliğində xüsusi rol oynayır. Onun milli mədəniyyətimizin tanıdılması və sənətimizin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi istiqamətindəki töhfəsi böyük əhəmiyyət daşıyır.

Gənc musiqiçilər üçün öz peşələrinin cəmiyyət tərəfindən tələb olunduğunu, milli musiqimizin dünyanın nüfuzlu səhnələrində səsləndiyini və azərbaycanlı ifaçıların öz məharətlərini geniş auditoriyaya nümayiş etdirmək imkanı qazandıqlarını görmək son dərəcə vacibdir. Bütün bunlar tələbələrə ruh verir, ölkələrinin mədəni irsinə qürur hissini gücləndirir və onları milli ifaçılıq sənətinin ən yaxşı ənənələrini davam etdirməyə sövq edir.

Azərbaycan Milli Konservatoriyasının zəngin konsert həyatı da böyük əhəmiyyət daşıyır. Burada keçirilən konsertlər, yaradıcılıq görüşləri və digər tədbirlər gənc musiqiçilər üçün əlverişli peşəkar mühitin formalaşmasına kömək edir.

Konservatoriyanın rəhbərliyi ilə əməkdaşlıq və onun Sumqayıtda musiqi təhsillərinin inkişafına göstərdiyi diqqət bizim üçün xüsusilə dəyərlidir. Bu dəstəyi hiss edirik və bu, bizə əlavə inam verir, fəaliyyətimizi davam etdirmək üçün stimul yaradır.

İnkişaf etdirilməsi daha vacib olan istiqamətlərə gəlincə, hesab edirəm ki, kollecdə təmsil olunan bütün ixtisasların inkişafına xüsusi diqqət yetirilməlidir. Həm milli musiqi alətləri, həm də akademik ifaçılıq sənəti eyni dərəcədə ciddi diqqət tələb edir.

Vəzifəmiz geniş dünyagörüşünə, özünəməxsus bədii düşüncəyə və yüksək ifaçılıq mədəniyyətinə malik, hərtərəfli inkişaf etmiş musiqiçi yetişdirməkdir.

Sumqayıt Musiqi Kollecinin tələbələrinin böyük potensialına səmimi-qəlbdən inanıram və istəyirəm ki, onların hər biri öz bacarıqlarını tam şəkildə üzə çıxarmaq imkanı əldə etsin.