AMEA Folklor İnstitutunun Folklor nəzəriyyəsi şöbəsinin müdiri professor Füzuli Bayatın “Türk mistik cərəyanlarının qaynaqları: Muğ ezoterizmindən Qızılbaş irfanına marjinal təlimlər" kitabı Türkiyədə nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, türk mistik düşüncəsinin tarixi və mədəni qaynaqlarının araşdırılmasına həsr olunan əsərdə qədim Muğ ənənələri ilə Qızılbaş irfanı arasındakı tarixi, dini, fəlsəfi və simvolik əlaqələr tədqiq edilir.
Müəllif türk mistik ənənələrini geniş tarixi kontekstdə nəzərdən keçirərək İslamdan əvvəlki inanc sistemləri ilə İslam dövrünün batini və sufi təlimləri arasındakı qarşılıqlı təsirləri araşdırır.
Kitab 14 fəsil, "Ön söz", "Nəticə", "Mənbələr" və "İndeks" hissələrindən ibarətdir. Əsərin ilk fəsillərində Muğan mühitinin şair və filosoflarından təsəvvüf nümayəndələrinə qədər uzanan mənəvi ənənələr, Muğların tarixi, Midiya ilə bağlı etnik və filoloji məsələlər, Muğların kahin təbəqəsi və Muğ/Maq ezoterizminin formalaşması araşdırılır. Növbəti fəsillərdə Muğ-Muğan paralelliyi, Muğların dili, ezoterik icmaları və qnostik mifləri, eləcə də Muğ ezoterizmindən Qızılbaş-Səfəvi irfanına keçid məsələləri təhlil olunur. Əsərin sonrakı fəsilləri Qızılbaş irfanının tarixi və dini-fəlsəfi əsaslarına həsr edilib. Bu bölmələrdə tarixi Muğan coğrafiyasında Qızılbaşlıq və Bəktaşilik təkkələrinin formalaşması, Qızılbaş irfanının şifahi və yazılı qaynaqları, onun Səfəvi hakimiyyət ideologiyasındakı rolu, əsas anlayışları və ritual sistemi nəzərdən keçirilir.
Müəllif, həmçinin nur anlayışını ontoloji və əxlaqi baxımdan araşdırır, “Allah-Məhəmməd-Əli” prinsipi, “Dörd qapı, qırx məqam” sistemi, ruh-bədən münasibəti, yenidən doğuş və don dəyişdirmə təsəvvürləri üzərində dayanır. Kitabda Muğ ezoterizmi, Qızılbaşlıq, Səfəvilik və şiəlik arasındakı oxşar və fərqli cəhətlər də müqayisəli şəkildə təhlil edilir.
Kitab dinlər tarixi, folklorşünaslıq, təsəvvüf, türk mədəni irsi və ezoterik təlimlərin tədqiqi ilə məşğul olan mütəxəssislər, tədqiqatçılar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.