Nərgiz Kərimova: Azərbaycan-Çin münasibətlərində ədəbi-mədəni dialoq xüsusi yer tutur

Azərbaycan ilə Çin arasında inkişaf edən münasibətlər yalnız iqtisadiyyat, nəqliyyat və ticarətlə məhdudlaşmır. İki ölkə arasında ədəbi-mədəni əlaqələrin genişləndirilməsi, xalqların bir-birinin tarixini, ədəbiyyatını və mənəvi dəyərlərini daha yaxından tanıması da əməkdaşlığın mühüm istiqamətlərindəndir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan–Asiya ədəbi əlaqələri şöbəsinin Çin Tədqiqatlar Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Kərimova bildirib.

Alim qeyd edib ki, Azərbaycan–Çin münasibətlərinin inkişafı ədəbi-mədəni dialoqun genişləndirilməsi üçün də yeni imkanlar yaradır. Bu baxımdan, iki ölkənin alimləri arasında elmi mübadilənin gücləndirilməsi, ədəbiyyat nümunələrinin qarşılıqlı öyrənilməsi və ortaq tədqiqatların aparılması xüsusi əhəmiyyət daşıyır.

Nərgiz Kərimova Pekində keçirilən II Çin–Azərbaycanşünaslıq Beynəlxalq Elmi Konfransında iştirakı barədə danışarkən qeyd edib ki, Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və Çin arasında elmi, humanitar və mədəni əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunub.

Konfransda “Dil, ədəbiyyat və tərcümə”, “Regional tədqiqatlar”, “Orta Dəhliz”, “İpək Yolu və sivilizasiyalararası mübadilə” mövzularına həsr olunmuş bölmə iclasları keçirilib. Müzakirələrdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, Azərbaycanın tarixi İpək Yolu üzərindəki mövqeyi, nəqliyyat-logistika əlaqələri və mədəni mübadilə məsələləri diqqət mərkəzində olub.

Azərbaycanı təmsil edən Nərgiz Kərimova konfransda “Azərbaycan və Çin arasında ədəbi-mədəni dialoqun tarixi və müasir perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan və Çin xalqları arasında ədəbi əlaqələrin tarixi, qarşılıqlı mədəni təsirlər, ortaq mənəvi dəyərlər və bu əlaqələrin müasir dövrdə genişləndirilməsi imkanları təhlil olunub. Alim, həmçinin ədəbi-mədəni dialoqun xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində və milli-mədəni irsin tanıdılmasında roluna diqqət çəkib.

Konfrans çərçivəsində müxtəlif elm və təhsil müəssisələrinin nümayəndələri birgə tədqiqatların aparılması, akademik əlaqələrin möhkəmləndirilməsi və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, bu cür elmi platformalar Azərbaycan və Çin arasında mövcud əlaqələrin humanitar ölçüsünün genişlənməsinə, iki ölkənin elmi ictimaiyyəti arasında təmasların artmasına və qarşılıqlı mədəni tanışlığın dərinləşməsinə töhfə verir.