Çində azərbaycanşünaslıq üzrə beynəlxalq elmi konfransın keçirilməsi Çin-Azərbaycan elmi əlaqələrində yeni səhifədir.
AZƏRTAC xəbər verir ki, bu fikri Pekin Xarici Dillər Universitetinin (PXDU) prorektoru Gao Qanq 2-ci Çin azərbaycanşünaslıq beynəlxalq elmi konfransında iştirak edən azərbaycanlı alimlərlə görüşdə deyib. Prorektor təmsil etdiyi universitetin azərbaycanşünaslıq konfransına ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib, PXDU-dakı Azərbaycan dili ixtisasının Çində bu istiqamət üzrə yeganə bakalavr ixtisasi olduğunu diqqətə çatdırıb, onun yeni yaradılmasına baxmayaraq, böyük inkişaf yolu keçdiyini vurğulayıb.
Prorektor keçən il Azərbaycana rəsmi səvəri çərçivəsində Heydər Əliyev Fondu, Bakı Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, eləcə də Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı elm və təhsil sahəsində əməkdaşlığın dərinləşməsinin iki ölkə və xalq arasında münasibətlərin irəli aparılmasına töhfə verdiyini deyib. O, PXDU və Xəzər Universiteti arasında mövcud olan sıx əməkdaşlığın perpektivləri barədə fikirlərini bildirib.
Görüşdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun dosenti Qüdsiyyə Qəmbərova, Azərbaycan Dillər Universitetinin alimləri dosent Fialə Abdullayeva və dosent Səbinə Əliyeva, Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi metodik jurnalının baş redaktoru Böyükağa Mikayıllı, PXDU tərəfdən isə Asiya fakültəsinin dekanı professor Su Yinqyinq və Azəbryacan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev iştirak ediblər.