Nizami Kino Mərkəzində iki festivala yekun vurulub

Nizami Kino Mərkəzində iki beynəlxalq festivalın mükafatlandırma mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Kino Agentliyindən (ARKA) məlumat verilib.

Bildiirlib ki, bunlardan biri şüarı “Kitabı tanıdın, kitabla tanının!” olan VI Buktreyler Beynəlxalq Film Festivalıdır. Festivalın məqsədi kitab və mütaliənin təbliği, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə istiqamət kimi inkişafıdır.

Festivalda 20-yə yaxın ölkədən 50-yə yaxın film qəbul edilmişdi. “Ən yaxşı tammetrajlı kitab filmi” nominasiyasında rusiyalı Vladimir Kottun “Onun soyuq ürəyi” filmi qalib gəlib.

Yerli müsabiqədə Nazim Musabəylinin “Adı olmayan bir hekayə” filmi “Ən yaxşı qısametrajlı film” nominasiyasında uğur qazanıb.

Digər qaliblərlə bağlı ətraflı məlumatı festivalın internet səhifəsində əldə etmək olar.

Eyni zamanda Nizami Kino Mərkəzində IV CINEMO Beynəlxalq Mobil Film Festivalının da mükafatlandırma mərasimi keçirilib. Şüarı “Fikir çəkmə, telefona çək” olan festivalın məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, mobil telefon vasitəsilə film istehsalının daha geniş yayılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılmasıdır.

Festivala 46 ölkədən 125 film qəbul edilmişdi. “Ən yaxşı tammetrajlı kitab filmi” nominasiyasında rusiyalı Dimitri Korelinin “Vertikal” filmi qalib gəlib.

Yerli müsabiqədə Kənan Tağızadə və Aydın Quliyevin “Qutu” filmi “Ən yaxşı qısametrajlı film” nominasiyasında uğur qazanıb.

Digər qaliblərlə bağlı ətraflı məlumatı festivalın internet səhifəsində əldə etmək olar.