Türk Dövlətləri Təşkilatının (TDT) Türkiyənin Respublika Gününün 103-cü ildönümü münasibətilə təşkil etdiyi mədəni tədbirlər proqramı çərçivəsində oktyabrın 28-də “Ankara Arena”da Türkiyə Prezident Simfonik Orkestrinin müşayiət ilə Türk dünyasının ulduzlarının iştirak edəcəkləri konsert keçiriləcək. Daha bir konsert oktyabrın 29-da Ankaranın Beştəpə rayonundakı Prezident Kompleksində təşkil olunacaq.
AZƏRTAC bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun açıqlamasına istinadla xəbər verir.
Nazir qeyd edib ki, konsertlər türk dövlətlərinin dərin kök salmış qardaşlıq əlaqələrinin və ortaq mədəni irsinin universal musiqi dili vasitəsilə əks olunmasına imkan verəcək.
Can Deliormanın dirijorluğu ilə Prezident Simfonik Orkestri məşhur əsərləri ifa edəcək. Konsertdə soprano Zarina Altınbayeva (Qazaxıstan), soprano Zaira Raimbekova (Qırğızıstan), tenor Ümid Şavkat Uqli (Özbəkistan) və tenor Ramil Qasımov (Azərbaycan) çıxış edəcəklər.
Konsertin qonağı TÜRKSOY-un ən yüksək adlı mükafatı olan “Türk dünyasının mədəniyyət səfiri” ordeninə layiq görülmüş Qazaxıstan və Qırğızıstanın Xalq artisti Dimaş Qudaibergen olacaq.