Ankaradakı “ATO Congresium” konqres mərkəzində 3-cü “Artnouva” incəsənət sərgisi keçirilir. Burada səkkiz azərbaycanlı rəssam və heykəltaraşın əsərləri də sərgilənir.
İstanbulda yaşayan azərbaycanlı rəssam Vaqif Zeyidquliyev AZƏRTAC-a bildirib ki, Ankara sakinlərinin və qonaqlarının diqqətinə Türkiyə, Niderland və Azərbaycanda yaşayan rəssam və heykəltaraşların əsərləri təqdim olunub.
“Gallery Maestro” stendində digərləri ilə yanaşı, Avropanın məşhur peşəkar məktəbi “SintLucas”ın (Bokstel, Niderland) akademik rəsm müəllimi Rasim Hüseynov, niderlandlı rəssam Vəfa Rüstəmova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltaraşlıq kafedrasının baş müəllimi Rahib Qarayev, həmin akademiyanın müəllimi və heykəltaraşı Jalə Əliyeva, heykəltaraş Fərhad Dadaşzadə, rəssamlar Fəxriyyə Əliyeva və Nəzrin Xələfovanın əsərləri nümayiş olunur”, - deyə o qeyd edib.
Rəssam əlavə edib ki, yuxarıda adıçəkilən bütün rəssamlar Azərbaycan Rəssamlar İttifaqının üzvləridir. Onun sözlərinə görə, rəssamların və heykəltaraşların məqsədi Azərbaycan incəsənət məktəbini mümkün qədər daha çox təbliğ etməkdir.
“Türkiyəli sənətsevərlər “Gallery Maestro” yaradıcı qrupunun 19 heykəl və 50-dən çox rəsm əsərini görə biləcəklər. Hər yeni sərgidə Azərbaycan incəsənətinə marağın artması sevindirici haldır”, - deyə rəssam bildirib.
Sərgini Türkiyədəki Azərbaycan səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları da ziyarət ediblər.
Ankarada keçirilən sərgi oktyabrın 25-dək ictimaiyyət üçün açıq olacaq.