Dünyada xalça motivləri əsasında dizayn edilən ilk əsginas Azərbaycana məxsusdur - Eldar Mikayılzadə (MÜSAHİBƏ)

SSRİ-nin süqutundan sonra yenicə müstəqilliyə çıxmış respublikalar arasında gözəgörməyən bir yarış gedirdi: İlk valyutasını kim çap edib dövriyyəyə buraxacaq? Çünki milli valyutanın buraxılması müstəqilliyin möhürüdür, artıq onun dönməzliyidir. Müstəqilliyin dönməzliyi onun bayrağıdır, gerbidir, bir də milli valyutasıdır. Azərbaycan bu baxımdan ən öndə gedən ölkələrdən idi.

Bunu Trend-ə verdiyi müsahibədə Azərbaycanın Xalq rəssamı, müstəqilliyin bərpasından sonra buraxılan ilk milli əsginasların dizayneri Eldar Mikayılzadə bildirib.

Mikayılzadənin sözlərinə görə, ilkin mərhələdə bir deyil, bir neçə nominal üzrə əsginasların dizaynı üzərində eyni vaxtda iş aparılıb. Söhbət 1, 10, 50, 100, 250, 500 və 1000 manatlıq əsginaslardan gedirdi.

Mikayılzadə ilk milli əsginasların dizaynında xalça ornamentlərinə üstünlük verməsinin səbəbini Azərbaycan incəsənətinin özünəməxsus ifadə vasitələrini axtarması ilə izah edib. O, xalça kompozisiyalarını milli mədəniyyətin əsasını təşkil edən sənət nümunəsi hesab etdiyini bildirib.

“Avropada orkestrlər, məsələn, royal və ya piano ilə köklənir, alətlər ona uyğun səslənir. Bizim milli orkestrimizdə isə tar əsas götürülür. Mən düşündüm ki, rəssamlıqda da belə bir əsas olmalıdır. Xalça Azərbaycanın ana dilidir. Bu tezisi tez-tez səsləndirirəm və buna inanıram”, - deyə o qeyd edib.

Mikayılzadənin sözlərinə görə, ilk əsginasların dizaynında mərkəzi dizayn elementlərində biri Qız qalası olub. Bu seçim yalnız rəssamın şəxsi qərarı deyildi: dövlətin də əsas rəmzin hansı olması ilə bağlı mövqeyi nəzərə alınırdı. Rəssamın bildirdiyinə görə, mərkəzi dizayn elementi kimi başqa alternativlər də var idi.

“Başqa variantlar da var idi. Naxışlardan ibarət eskizlər, hökumət evinin və prezident aparatının təsvir olunduğu nümunələr hazırlanmışdı. Amma Bakı Qız qalası ilə tanınır. Tarixi, gözəlliyi və məntiqi baxımdan bu, çox doğru seçim idi”, - deyə Xalq rəssamı vurğulayıb.

Qeyd edək ki, Eldar Mikayılzadə əsginasların hazırlanmasına görə almalı olduğu qonorarı bütövlükdə Qarabağ Müdafiə Fonduna bağışlayıb.

Onun sözlərinə görə, həmin vaxt Milli Bankın sədri Qalib Ağayev onu dəvət edərək qonorarın rəsmiləşdirilməsi üçün imza atmasını istəyib. Mikayılzadə isə puldan imtina etdiyini bildirib və bunun üçün ərizə yazıb.

 

“O dedi ki, bizə qonorar yazılıb, gəl qol çək ki, qonorar alasan. Mən də elə orada oturdum, dedim ki, mən imtina edirəm. Dedi, yox, belə olmaz, gərək ərizə ilə müraciət edəsən. Mən də ərizə yazdım. O vaxt Müdafiə Fondu yaranmışdı , Qarabağ Müdafiə Fondu, ərizə yazdım ki ora köçürsünlər. Düzdür, heç maraqlanmadım məbləğlə. Düzdür bilirdim ki, bu valyuta müəllifi olmaq həm şərafətlidir, həm hörmətlidir, həm də onun qonorarı yüksək olar. Amma heç maraqlanmadım da nə qədərdir”

Mikayılzadə qeyd edib ki, “specimen” yəni ilk nümunə əsginasları Fransadan şəxsən özü gətirib. Bunlar 1 manatdan 250 manata qədər olan, hələ nömrələnməmiş, sıfır seriyalı nümunələr idi. Daha sonra əsginasların ümumi partiyasının gətirilməsi üçün dövlət komissiyası yaradılıb və pullar xüsusi təyyarə ilə Azərbaycana gətirilib.

Xalq rəssamının sözlərinə görə, dizaynını hazırladığı son əsginas 1000 manatlıq olub. Sonrakı dövrdə 10 000 manatlıq əsginasda da onun əvvəlki eskizlərindən istifadə edildiyini görüb. Bununla belə, ilk mərhələdə hazırlanmış eskizlərin hamısı dövriyyəyə buraxılmayıb.

Xalq rəssamı əsginaslara xalq arasında verilən adları da müsbət qarşılayıb. Onun sözlərinə görə, bəzi əsginasların “Məmməd”, “Nizami” və “Şirvan” adlandırılması pul nişanlarının insanların gündəlik həyatına daxil olmasının göstəricisidir.

“Bizdə ləqəb qoymaq adətdir. İnsanlar kimisə sevəndə, doğmalaşdıranda adını dəyişərək əzizləmə forması yaradırlar. Pul da xalqın həyatına daxil olubsa, ona ad verilməsi təbiidir. Mənim üçün bu, sevindirici haldır, çünki deməli, əsginas xalqla doğmalaşıb, folklorun bir hissəsinə çevrilib”, - deyə o vurğulayıb.

İlk milli əsginaslarda gizli simvolların olub-olmaması barədə danışan Mikayılzadə bildirib ki, həmin pulların əsas fərqi dizaynın milli naxış sənəti və xalça kompozisiyaları üzərində qurulması idi.

“Dünya pul sənətində qəbul olunmuş müəyyən üslub var və əksər ölkələr ona riayət edir. Çar Rusiyasının, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin dövründə buraxılan pullar da, demək olar ki, həmin dizayn qaydalarına uyğun hazırlanmışdı”, - deyə o qeyd edib.

Mikayılzadənin fikrincə, Azərbaycanın ilk milli əsginaslarında məhz milli ornamentlərin əsas götürülməsi yeni yanaşma idi. O, bunun beynəlxalq miqyasda necə qiymətləndiriləcəyinin zamanla müəyyənləşəcəyini bildirib.

“Əlbəttə, bu, mənim subyektiv fikrimdir, amma düşünürəm ki, kağız pulun dizaynını ilk dəfə milli naxış sənəti üzərində qurmaqla fərqli bir yanaşma ortaya qoyduq. O vaxt çoxları bunun fərqinə varmadı, niyə belə göründüyünü anlamadı. Başqa ölkələr məsələn Türkmənistan, Özbəkistan gələcəkdə bu üslubdan istifadə edə bilərlər, amma bu yanaşmaya məhz Azərbaycanda başlanılıb. Çarli Çaplin demişkən kim izlə gedirsə, birinci ola bilməz. Onlar, artıq bizim izimizlə gələ bilərlər, ancaq birinci Azərbaycanda oldu.”, - deyə Xalq rəssamı bildirib.