Yazıçı 20 aya 371 kitab yazdı - Necə?

Cənubi Afrika Respublikasından olan və Coral Hart təxəllüsü ilə tanınan yazıçı son 20 ay ərzində süni intellektin (Sİ) köməyi ilə 371 kitab nəşr etdirib.

Bu barədə yerli EWN radiostansiyası məlumat yayıb.

Hart 2025-ci ilin fevralında süni intellektdən istifadə etməklə yazmağa başlayıb. Bundan əvvəl o, 14 il nəşriyyat sahəsində çalışıb və ənənəvi üsulla bir neçə onlarla əsər yazıb. Yazıçı kitablarının bir milyondan çox nüsxəsini satıb və 2026-cı ildə 1 milyon dollardan çox gəlir əldə edib.

Yazıçıya bir neçə süni intellekt modelini mənimsəmək və qısa müddətdə tam həcmli kitablar hazırlaya bilən öz sistemini yaratmaq üçün təxminən üç ay vaxt lazım olub. Bununla belə, süjetin konsepsiyasını, üslubu və personajların xüsusiyyətlərini Hart özü müəyyənləşdirir, fəsillərin planını da özü hazırlayır. Süni intellekt isə yeni romanı cəmi 45 dəqiqəyə yaradır.

 

Yazıçının sözlərinə görə, kitabın ilkin qaralaması, bir qayda olaraq, mükəmməllikdən uzaq olur. Daha sonra mətn məzmunun redaktəsi və süjetdəki məntiqi boşluqların aradan qaldırılması üçün iki dəfə neyron şəbəkədən keçirilir. Son mərhələdə isə süni intellektin müdaxiləsindən qalan izləri düzəltmək məqsədilə mətni insan redaktor oxuyur. Bundan sonra əsər nəşrə hazır olur.

Hartın romanlarından biri “Amazon” platformasında ən çox satılan 100 kitab sırasına daxil olub. Yazıçının süni intellektlə birgə hazırladığı əsərlərin böyük əksəriyyəti sevgi romanlarıdır. Onun kitabları elektron, çap və audio formatlarda yayımlanır.

Hart kommersiya ədəbiyyatında yeni eranın əsasını qoyduğunu iddia edir. Hazırda o, süni intellektdən istifadə edən müəlliflər üçün nəzərdə tutulmuş Authorythm adlı proqram təminatını istifadəyə verməyə hazırlaşır.