İçərişəhərdə “Koreya günləri”: Mədəniyyət, gözəllik və ənənələr bir arada

Koreya-Azərbaycan Assosiasiyasının və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Bakı Fotoqrafiya Evində “Koreya günləri”nin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Koreya Respublikasının Azərbaycandakı səfiri Kımqu Kanq, Koreya–Azərbaycan Assosiasiyasının sədri Min Yong Lee, Koreyadan gələn nümayəndə heyətinin üzvləri, diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Koreya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədə inkişaf etdiyini qeyd edən səfir deyib: “Koreya Respublikasının Milli Assambleyasında siyasi çoxluğun nümayəndələrinin Azərbaycana səfərləri də bu əlaqələrin inkişafına töhfə verir. 1992-ci ildə diplomatik münasibətlər qurulduqdan sonra iki ölkə arasında əməkdaşlıq daha da genişlənib.

Azərbaycan və Koreya xalqlarının mədəni və mənəvi dəyərləri arasında oxşarlıqlar mövcuddur. Koreya mədəniyyətinin Azərbaycanda yayılması, eləcə də təhsil sahəsində əməkdaşlıq əlaqələrin inkişafında mühüm rol oynayır. Ötən il 12 mindən çox koreyalı Azərbaycana səfər edib. Hazırda çoxsaylı azərbaycanlı tələbə Koreyada təhsil alır, Azərbaycan ədəbiyyatının nümunələri isə Koreya dilində nəşr olunur. Bütün bunlar iki ölkə arasında mədəni və humanitar əlaqələrin gələcəkdə daha da genişlənəcəyini deməyə əsas verir”.

Çıxışlarda Azərbaycan ilə Koreya arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində mədəni tədbirlərin, qarşılıqlı tanışlığın və birgə təşəbbüslərin əhəmiyyəti vurğulanıb.

Daha sonra qonaqlar Qoşa Qala meydanında təşkil olunan sərgi ilə yaxından tanış olublar.

“Koreya günləri” çərçivəsində “Koreya gözəllik təcrübəsi” proqramında Koreyanın dünyada böyük maraq doğuran gözəllik sənayesi, dəriyə qulluq ənənələri və kosmetik məhsulları təqdim edilib. Qoşa Qala meydanında təşkil olunan sərgi-satış yarmarkasında isə Koreya şirkətlərinin məhsulları, gözəllik və qulluq vasitələri, milli mətbəx nümunələri və müxtəlif suvenirlər ziyarətçilərin diqqətinə çatdırılıb. Qonaqlar Koreyanın fərqli dadlarını və müasir məhsullarını kəşf etməklə yanaşı, ölkənin mədəniyyəti ilə yaxından tanış olub, yeni əməkdaşlıq imkanlarını dəyərləndirmək fürsəti əldə ediblər. İçərişəhərin qədim küçələri və tarixi memarlığı fonunda keçirilən “Koreya günləri” iki ölkənin mədəniyyətini bir araya gətirərək qədim şəhərə xüsusi rəng qatıb.