Azərbaycan Xivədə beynəlxalq yaradıcılıq forumunda təmsil olunub

Özbəkistanın qədim mədəniyyət beşiklərindən olan Xivə şəhərində “Oydin Gurunglar” beynəlxalq yaradıcılıq forumunun təntənəli açılış mərasimi keçirilib. Tədbirdə ölkəmizi Azərbaycannın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, forum müxtəlif ölkələrin yaradıcı şəxsləri arasında mədəni dialoqun inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və beynəlxalq mədəni əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşımışdır.

Açılış mərasimindən sonra iştirakçılar üçün təşkil olunan mədəni-bədii proqram çərçivəsində “Art-House Xamsa” teatrının təqdimatında “Aydan da gözəl” adlı lirik kompozisiya nümayiş etdirilib.

Ümumilikdə, forum xalqlar arasında mədəni əlaqələrin genişlənməsinə, milli mədəni irsin və yaradıcılıq ənənələrinin beynəlxalq səviyyədə tanıdılmasına, incəsənət vasitəsilə qarşılıqlı anlaşmanın gücləndirilməsinə töhfə vermişdir.