Azərbaycan musiqisi Anqolada: Tar və muğam sənəti "AngoJazz" səhnəsində

“BA Cultural Center”in təşkilatçılığı və tərəfdaşlığı ilə tar ifaçısı Rövşən Qurbanov və muğam ifaçısı Rəvanə Qurbanova Anqolanın paytaxtı Luandada keçirilən 5-ci Beynəlxalq “AngoJazz” Festivalında Azərbaycanı təmsil edirlər.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində istedadlı musiqiçilərimizin konsert proqramları və ustad dərslərinin keçirilməsi planlaşdırılır. Azərbaycanın tradisional musiqi sənəti — tarın özünəməxsus səsi və muğamın zəngin improvizasiya ənənələri festivalın beynəlxalq proqramına xüsusi rəng qatacaq.

Təşəbbüsün əsas məqsədi zəngin musiqi irsimizi beynəlxalq auditoriyaya tanıtmaq, mədəni diplomatiyanı inkişaf etdirmək və Azərbaycan ilə Anqola arasında mədəni əlaqələri gücləndirməkdir. Mərkəzin prezidenti Billura Bernardın rəhbərliyi ilə həyata keçirilən bu layihə musiqi vasitəsilə xalqlar arasında dostluq və yaradıcı mübadiləni təşviq edir.

Məşhur diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların da dəstəklədiyi “AngoJazz” festivalı oktyabrın 25-dək davam edəcək.