Təsviri sənətin ən qədim və təsirli sahələrindən biri olan heykəltaraşlıq insanın düşüncəsini, duyğularını, tarixi hadisələri və milli yaddaşı maddi formaya çevirən sənət növüdür. Daşın, metalın, mərmərin və tuncun dili ilə yaradılan hər bir əsər özündə müəyyən dövrün ruhunu, cəmiyyətin mənəvi dəyərlərini və insan talelərini yaşadır. Azərbaycan heykəltaraşlıq sənətində də milli tariximizin, qəhrəmanlıq salnaməmizin və görkəmli şəxsiyyətlərimizin bədii obrazlarının yaradılması mühüm yer tutur. Bu istiqamətdə çalışan gənc heykəltaraşlardan biri də Tamerlan Mirzəliyevdir. Onun yaradıcılığında portret və kompozisiyalarla yanaşı, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, milli-mənəvi dəyərlərin sənət vasitəsilə təbliği xüsusi yer tutur. AZƏRTAC-ın əməkdaşı 35 şəhidin büst və abidəsini hazırlayan, beynəlxalq simpozium və sərgilərdə ölkəmizi təmsil edən heykəltaraşla sənətin mahiyyəti, yaradıcılıq axtarışları, monumental heykəltaraşlığın perspektivləri və gələcək layihələri barədə söhbət edib.
-Tamerlan müəllim, heykəltaraşlıq kifayət qədər mürəkkəb və böyük məsuliyyət tələb edən sənət sahəsidir. Sizin üçün bu sənətin mahiyyəti nədən ibarətdir?
-Mənim üçün heykəltaraşlıq yalnız müəyyən materiala forma vermək deyil. Bu sənət insanın düşüncəsini, hisslərini, dünyagörüşünü və yaşadığı dövrün xüsusiyyətlərini ifadə etmək vasitəsidir. Hər bir əsərin arxasında müəyyən ideya, fikir və yaradıcı axtarış dayanır. Bəzən bir baxış, bir jest və ya kiçik bir detal bütöv bir insan xarakterini ifadə edə bilir. Heykəltaraşın əsas məqsədi gördüyünü olduğu kimi təkrarlamaq deyil, onun mahiyyətini sənət dili ilə təqdim etməkdir. Daş, metal, mərmər və digər materiallar bu baxımdan sənətkarın fikirlərini ifadə edən vasitələrdir. Hesab edirəm ki, əsl sənət əsəri zaman keçdikcə öz aktuallığını itirməməli, gələcək nəsillər üçün də müəyyən mənəvi məna daşımalıdır.
-Akademik Ömər Eldarovun sinfində təhsil almısınız. Bu təcrübə yaradıcılığınıza hansı təsiri göstərib?
-Akademik Ömər Eldarovun sinfində təhsil almaq mənim üçün böyük sənət məktəbi idi. Onun yaradıcılıq yanaşması, sənətə münasibəti və peşəkarlıq tələbləri tələbə kimi formalaşmağımda mühüm rol oynayıb. Heykəltaraşlıqda anatomik dəqiqlik, kompozisiya quruluşu, plastika və obrazın xarakterinin açılması vacib məsələlərdir. “Səma Şahzadəsi” və “Mahmud Ağa” adlı diplom işlərim də yaradıcılıq axtarışlarımın mühüm mərhələləri olub. Təhsil aldığım müddətdə müəllimlərim arasında Xalq rəssamı, professor Natiq Əliyev, mərhum Xalq rəssamı, professor Akif Əsgərov və mərhum Əməkdar rəssam, professor Zeynalabdin İsgəndərov kimi görkəmli sənətkarlar da olub.
-Yaradıcılığınızda şəhidlərin obrazlarının yaradılması xüsusi yer tutur. Bu istiqamətdə 35 şəhidin büst və abidəsini hazırlamısınız. Bu işlərə hansı mənəvi məsuliyyətlə yanaşırsınız?
-Şəhidlərin xatirəsini yaşatmaq hər bir azərbaycanlının mənəvi borcudur. Mənim üçün onların obrazlarını yaratmaq, xatirələrini heykəltaraşlıq vasitəsilə gələcək nəsillərə çatdırmaq xüsusi məsuliyyət daşıyır. İndiyədək iki Milli Qəhrəman və 10 Vətən Müharibəsi Qəhrəmanı da daxil olmaqla, ümumilikdə 41 şəhidimizin büst və abidəsini hazırlamışam. Bu əsərləri yaradarkən əsas məqsədim yalnız zahiri oxşarlığa nail olmaq deyil, həm də həmin insanların xarakterini, qəhrəmanlığını və mənəvi dünyasını ifadə etməkdir. Şəhid ailələri ilə ünsiyyət, onların xatirələrini dinləmək, təqdim etdikləri fotoşəkillər və məlumatlarla tanış olmaq yaradıcılıq prosesinin mühüm hissəsidir. Hər bir büstün arxasında bir ömür, bir ailənin xatirəsi və bütöv bir xalqın qəhrəmanlıq tarixi dayanır. Buna görə də bu əsərlərə böyük həssaslıqla yanaşıram.
- “Dəmir yumruq” və “Xarıbülbül” kompozisiyalarınız da milli yaddaş və Vətən mövzusu ilə bağlıdır. Bu əsərlərin ideyası necə yaranıb?
-Bu əsərlərin hər ikisi milli birlik, mübarizə əzmi və Vətən sevgisi ideyalarını ifadə edir. “Dəmir yumruq” xalqımızın birliyinin, gücünün və qələbə iradəsinin rəmzidir. “Xarıbülbül” isə Qarabağın, doğma torpaqlarımızın və milli-mənəvi yaddaşımızın simvollarından biridir. “Vətən Bağı” Sosial İctimai Birliyinin təşkilatçılığı ilə Tərtər rayonunun Şıxarx qəsəbəsində şəhidlərimizin adına salınan parkda bu kompozisiyaları təmənnasız hazırlamışam. İşğaldan azad edilmiş Zəngilan rayonu üçün nəzərdə tutulan ikinci “Dəmir yumruq” heykəli də həmin yaradıcılıq istiqamətinin davamıdır. Mənim üçün bu əsərlərin ictimai məkanlarda nümayiş olunması xüsusilə əhəmiyyətlidir. Çünki belə sənət nümunələri yalnız estetik funksiya daşımır, həm də insanlarda tarixə, Vətənə və milli dəyərlərə bağlılıq hissini gücləndirir.
- Müasir Azərbaycan heykəltaraşlığının inkişafını necə qiymətləndirirsiniz? Bu sahədə hansı yeniliklərə ehtiyac var?
-Azərbaycan heykəltaraşlığının zəngin ənənələri və böyük sənət məktəbi var. Bu gün həmin ənənələrin qorunması ilə yanaşı, müasir dövrün tələblərinə uyğun yeni yaradıcılıq yanaşmalarının inkişafı da vacibdir. Müasir heykəltaraşlıqda materialların imkanları genişlənir, texnologiyalar dəyişir, monumental və dekorativ sənətdə yeni formalar meydana çıxır. Sənətkar həm klassik sənət ənənələrini bilməli, həm də müasir bədii düşüncəni mənimsəməlidir. Düşünürəm ki, gənc heykəltaraşların beynəlxalq simpoziumlarda, sərgilərdə və yaradıcılıq layihələrində iştirakına daha geniş imkanlar yaradılması bu sahənin inkişafına müsbət təsir göstərə bilər. Eyni zamanda ictimai məkanlarda keyfiyyətli monumental əsərlərin sayının artırılması vacibdir.
- Gənc nəslin heykəltaraşlıq sənətinə marağını necə qiymətləndirirsiniz? Onların inkişafı üçün hansı imkanlar yaradılmalıdır?
-Gənclərin sənətə marağının artırılması olduqca vacibdir. Çünki hər bir sənət sahəsinin gələcəyi yeni nəslin yetişməsindən asılıdır. Heykəltaraşlıq xüsusi səbir, müşahidə qabiliyyəti, texniki bilik və davamlı məşq tələb edir. Bu sahəyə gələn gənclər yalnız istedadlarına güvənməməli, həm də daim öyrənməli və öz üzərlərində işləməlidirlər. Hazırda fərdi heykəltaraşlıq emalatxanamda yaradıcılıq fəaliyyətimlə yanaşı, gənclərin istedadının üzə çıxarılmasına, onların bu sənətə yiyələnməsinə də çalışıram. İstəyirəm ki, əldə etdiyim təcrübəni gənc nəslə ötürüm, onların fərdi yaradıcılıq üslubunun formalaşmasına dəstək olum.
- Gələcək yaradıcılıq planlarınız nədən ibarətdir?
-Əsas məqsədim Azərbaycan heykəltaraşlıq sənətinə yeni əsərlərlə töhfə vermək, monumental sənət sahəsində daha genişmiqyaslı layihələr həyata keçirməkdir. Tarixi şəxsiyyətlərin, milli qəhrəmanların və xalqımızın yaddaşında xüsusi yeri olan insanların obrazlarını yaratmaq istiqamətində yeni ideyalarım var. Eyni zamanda işğaldan azad edilmiş ərazilərimizdə milli tariximizi və qəhrəmanlıq salnaməmizi əks etdirən heykəltaraşlıq nümunələrinin yaradılmasını əhəmiyyətli hesab edirəm. İnanıram ki, sənət əsərləri zamanın sınağından keçərək xalqın yaddaşında yaşayır. Mən də yaradıcılığımda bu prinsipi əsas tutaraq Azərbaycan tarixini, milli dəyərlərimizi və qəhrəmanlarımızın xatirəsini sənət vasitəsilə yaşatmağa çalışacağam.